Rusiya Qara dənizdə Misirə gedən taxıl gəmisini vurub - FOTOLAR
13-09-2024, 09:17
Ukraynadan Misirə gedən taxıl gəmisi Qara dənizdə Rusiya raketi ilə vurulub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabındakı paylaşımında Ukraynadan Misirə gedən taxıl gəmisinin Qara dənizdə Rusiya tərəfindən vurulduğunu bildirib:
“lkin məlumata görə, tələfat olmayıb. Ukrayna qlobal ərzaq təhlükəsizliyinin əsas təminatçılarından biridir. Ukraynanın Afrika və Yaxın Şərq ölkələrinə ərzaq tədarükü mühüm əhəmiyyət kəsb edir. Biz limanlarımızı, Qara dənizi və qlobal bazarlara ərzaq ixracatını qorumaq üçün hər cür səy göstərməyə davam edəcəyik. Bu, Ukraynanın əsl prioritetidir və bütün ölkələrin prioriteti olmalıdır. Dünyanın reaksiyasını gözləyirik. Buğda və ərzaq təhlükəsizliyi heç vaxt raketlərin hədəfi olmamalıdır”, – deyib.
Zelenski zədələnmiş gəminin fotolarını da paylaşıb.
Ukraynanın Xarici Işlər naziri Andriy Sybiha isə Rusiyanın hücumunu qlobal ərzaq təhlükəsizliyinə qarşı həyasız bir hücum olduğunu bildirib.
Rumıniya Hərbi Dəniz Qüvvələri Komandanlığı hadisə zamanı gəminin Rumıniyanın ərazi sularında olmadığını və heç bir yardım tələb olunmadığını bildirib. Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Ambrey gəminin Ukraynanın Odessa vilayətindəki Çornomorsk limanından çıxdıqdan sonra Rusiya tərəfindən buraxılan raketlə vurulduğunu bildirib. Hələlik Rusiyadan heç bir açıqlama yoxdur.