Ərdəbil vilayətində iş qəzaları 375 işçinin ölümünə və yaralanmasına səbəb olub
14-11-2024, 17:24
Ərdəbil vilayətinin Ədli Tibb İdarəsinin baş direktoru Nigar Xoşnevisin açıqlamasına görə, bu ilin 20 mart ilə 21 sentyabr tarixləri arasında vilayətdə baş verən iş qəzalarında 15 işçi həyatını itirib və 360 nəfər xəsarət alıb.
Tasnim xəbər agentliyinin yaydığı məlumata görə, xəsarət alanların 16-sı qadın, qalanları isə kişidir. Ötən ilin eyni dövrü ilə müqayisədə, bu il ölümlərin sayında bir nəfərlik azalma qeydə alınıb. Belə ki, ötən il bu rəqəm 16 nəfər olmuşdu. 2022-ci il martın 21-dən 2023-cü il martın 20-dək olan bir illik dövrdə isə iş qəzaları nəticəsində 14 nəfər işçi həyatını itirmişdi.
Ölkə miqyasında ötən il martın 21-dən sentyabrın 22-dək olan 6 aylıq dövrdə 1077 işçi istehsalat qəzaları nəticəsində ölüb.
İran İslam Respublikasının Sosial Təminat Qanununun 60-cı maddəsinə əsasən, iş saatları ərzində və ya vəzifə icra edərkən iş yerində və ya emalatxanada baş verən hər hansı bir bədbəxt hadisə iş qəzaları kateqoriyasına daxildir. Bu tərif işə gedib-gəlmə zamanı baş verən bədbəxt hadisələri də əhatə edir.
Ərdəbil Ədli Tibb İdarəsinin rəhbəri Nigar Xoşnevis bildirib ki, iş qəzalarının əsas səbəblərindən biri işçilərin təcrübələrinə hədsiz güvənməsi və kondisioner, əlcək, eynək, dəbilqə və maska kimi təhlükəsizlik vasitələrindən istifadə edilməməsidir. Həmçinin, işçilərin şəxsi və peşə narahatlıqları onların diqqətini yayındıraraq təhlükəsizlik qaydalarına riayət etməmələrinə səbəb olur. Nizamsız alət düzülüşü də işçilər üçün təhlükə yaradır və qəzalara yol açır.
Buna baxmayaraq, iş yerlərində, xüsusilə də tikinti emalatxanalarında işçilərə nəzarətin yetərsizliyi və təhlükəsizlik vasitələrindən istifadə edilməməsi nəticəsində ən çox ölüm və yaralanma halları tikinti sektorunda, xüsusən də hündürlükdən yıxılma nəticəsində baş verir.
Ümumilikdə, statistikalar göstərir ki, İranda iş şəraitində ciddi irəliləyiş yoxdur və hər il təxminən iki minə yaxın işçi həyatını itirir. İş yerlərində təhlükəsizliyin təmin olunmaması ilə yanaşı, məşğulluq təminatının olmaması və maaşların aşağı səviyyədə qalması da bu təbəqənin güzəranını ciddi çətinliklərlə üzləşdirib.
2022-ci ildə ölkənin məhkəmə-tibb təşkilatı 1900 işçinin ölməsi barədə məlumat vermişdi. İranın İLNA xəbər agentliyi isə yayımladığı hesabatda bəzi dövlət qurumlarının təqdim etdiyi statistik göstəricilərin real vəziyyəti tam əks etdirmədiyini vurğulamış və bəzi qurumların işçi ölüm sayını az göstərməyə çalışdığını ortaya qoymuşdu.