Fərəməzoğlunun həbsi haqda prezidentə müraciət

30-09-2016, 00:06           
Fərəməzoğlunun həbsi haqda prezidentə müraciət
Jam.Az-ın baş redaktoru Fikrət Fərəməzoğlunun xanımı Faiqə İbişbəyli prezidentə növbəti dəfə müraciət edib.

“Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun həyat yoldaşıyam. Sizə dəfələrlə təhdid olunmağımla bağlı müraciət etmişəm.

Yoldaşım Fikrət Fərəməzoğlu iyunun 30-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz həbs edilib.


İyun ayının 2-də barəsində (CM-nin 182-ci maddəsi ilə. Guya hədə-qorxu ilə pul tələb edib) Nərimanov rayon Məhkəməsində 4 ay həbs-qətimkan tədbiri seçilib.

Yoldaşım BMCMİ-də 34 gün ağır işgəncələrə məruz qalıb. Səhhətində ağır problemlər yaranıb, dişləri ovulub tökülür.

Əgər yoldaşım deyildiyi kimi, Mehman Həsənovdan pul tələb edib və ya alıbsa, niyə əməliyyatın video-çəkilişi ortaya çıxarılmır? Əksinə, mən bunları, həmçinin 3 min manatın üzərində barmaq izlərinin olmasını sübut edən ekspertiza rəyini tələb edəndə məni deportasiya ilə hədələyirlər.

Mən Fikrət Fərəməzoğlu ilə ailə həyatı qurmuşam, iki azyaşlı övladımız var. Belə bir halda məni təhdid etmək hansı qanuna sığır?

Hətta sizə müraciət etməyimi əngəlləmək istəyirlər. Çünki dediyim kimi, ortada heç bir fakt yoxdur. Fikrəti faktsız, sübutsuz tutublar.

DİN-in açıqlamasındakı otellər, restoranlar, qumarxanalar, əxlaqsızlıq yuvalarının keçmiş MTN generalı Elçin Quliyevin hər ay aylıq pul yığdığı obyektlər olduğu iddia olunur. Fikrət Fərəməzoğlu yazılarında məhz bu faktları yazıb.

Mən o yazıların linklərini də sizə göndərəcəm. Ümidvaram ki, bu yazılar sizin məsələni araşdırmağınıza kömək edər. Mənim yoldaşım dövlətinə, millətinə xəyanət etməyib. O, məmurların nalayiq əməllərini tənqid edib. Bu məlumatların yayılması isə təbii ki, kimlərinsə qəzəbinə tuş gəlib.

Sizdən həyat yoldaşım Fikrət Fərəməzoğlunun iki azyaşlı övladının olduğunu nəzərə alıb bu məsələni şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm”.

Vizual.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.