Fərid Səfərli azadlığa buraxıldı - FOTO
Dünən, 17:51
İranda həbsdə olan Fərid Səfərli Azərbaycana qaytarılıb.
TNS xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb.
Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.
Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, İranda yoxa çıxan 27 yaşlı Fərid Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib.
F. Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.
Daha sonra ona İranın rəsmi qurumları tərəfindən casusluq ittihamı irəli sürüldüyü məlum olub.
19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
Məhkəmənin hökmü ilə o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.