Bakıda “Şərab evi”nə sirli basqınlar - Foto
26-10-2016, 00:29
Bakıda eyni mağazaya ayrı-ayrı vaxtlarda dörd dəfə hücum edilib.
Musavat.com xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Əmircan qəsəbəsində baş verib. Hər dəfə içki mağazanın şüşələri sındırılıb, mağaza sahibinə 4 min manatdan çox maddi ziyan dəyib. Sonuncu dəfə ötən gecə naməlum şəxslər əllərində olan dəmir alətlə mağazanın şüşəsini sındırıblar, və içəridə xeyli sayda içkini yararsız hala salıblar.
Mağazanın sahibi Bahəddin Cəfərov Musavat.com-un hadisə yerində olan əməkdaşına deyib ki, naməlum şəxslər hadisə gecə saat 3-4 radələrində törədiblər. Onun fikrincə, həmin şəxslər bunu oğurluq məqsədilə etmirlər: “Çünki, mağazadakı kompüterə və pula toxunmayıblar. Yalnız bahalı içkiləri sındırıblar. Sanki düşmənlikdir. Gəlib ziyan vururlar, qaçırlar”.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Hələlik hadisəni törədənləri müəyyənləşdirmək mümkün olmayıb.
Cinayətin üstünün açılmasına mane olan səbəblər çoxdur. Hadisənin baş verdiyi ərazidə təhlükəsizlik kameraları olsa da, onlar polisə yardım etmir. Çünki gecələr mağazanın yerləşdiyi dairədə küçə işıqları söndürülür və hadisəni törədənlərin üzü kameranın yaddaşına düşməyib.
Mağaza sahibi isə qorxu içərisindədir. O, qisas alırmış kimi mağazaya hücum edən şəxslərin növbəti dəfələrdə daha böyük ziyan bura biləcəyindən ehtiyatlanır. Ona görə də onların tapılmasını istəyir.