General Natəvan Mürvətova: - “Özümü təqsirli bilmirəm”

9-03-2017, 20:16           
General Natəvan Mürvətova: - “Özümü təqsirli bilmirəm”
Bu gün Sabunçu rayon məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bugünkü iclas da büsbütün dövlət ittihamçıları tərəfindən ittiham aktının oxunmasına həsr edildi.

İttiham aktının oxunması başa çatdı

Bu gün ittiham aktının təqsirləndirilənlərdən Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov və Natəvan Mürvətovaya aid hissələri oxundu. Bütün təqsirləndirilənlər özlərini irəli sürülmüş ittihamlar üzrə təqsirli bilmədilər.

General-mayor Natəvan Mürvətova ayağa qalxara qısa şəkildə bildirdi: “Mən özümü təqsirli bilmirəm”.

Təqsirləndirilən Elşad Əzizov isə qeyd etdi ki, ittiham aktının özündən də onun qətiyyən təqsirli olmadığı görünür.

Proses necə davam etdiriləcək

İclasın sonunda prosesə sədrlik edən hakim Həbib Həsənov tərəflərdən məhkəmə iclaslarının hansı qaydada aparılacağının müəyyənləşdirilməsinin zəruri olduğunu bildirdi.

Dövlət ittihamçısı epizodlar üzrə məhkəmə istintaqı bitdikdən sonra sənədlərin tədqiqinə və əlavə şahidlərin dindirilməsinə keçməyin məqsədəuyğun olduğunu dedi. Vəkillər də bu təklifi bəyəndilər, lakin öz əlavələrini etdilər.

Onların fikrincə, əvvəlcə kiçik – daha az zərərçəkmişin və şahidin olduğu epizodlardan başlamaq lazımdır. Bunu təqsirləndirilən Füzuli Əliyev də dəstəklədi və əlavə etdi ki, onun vəkilləri hələ də cinayət işinin materialları ilə tam tanış ola bilməyiblər və kiçik epizodlara baxılması imkan yaradar ki, həmin vaxt ərzində vəkillər digər epizodlarla da tanış olsunlar.

Məhkəmənin növbəti iclası martın 14-nə təyin olundu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.