İş adamının 16 yaşlı oğlunu öldürüblər? Təfərrüatlar

10-07-2015, 16:30           
İş adamının 16 yaşlı oğlunu öldürüblər? Təfərrüatlar
Masallıda 16 yaşlı yeniyetmənin qətlinin təfərrüatları bəlli olub.

Məlumata görə, qətlə yetirilən yeniyetmə Masallıdakı yanacaqdoldurma məntəqəsinin sahibinin oğludur. Qətl hadisəsi bu gecə saat 02:00 radələrində Masallı rayonunun Sərçuvar kəndi ərazisində törədilib. Masallı Rayon Prokurorluğunun böyük müstəntiqi Elmar Əhmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, Sərçuvar kənd sakini, 1999-cu il təvəllüdlü Həmid Bayram oğlu Məmmədov ürəyindən bıçaqlanıb. Gənc oğlan aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. 1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov və bir neçə dostu yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə gəlib. Onlar maşına 3 manatlıq yanacaq vurduqdan sonra ödəniş etmək istəməyiblər.

Bu zaman məntəqədə işləyən işçi ilə müştərilər arasında mübahisə düşüb. Onlar pulu ödəyərək ərazidən uzaqlaşıblar. Lakin gecə 01:30 radələridə R.Zamanov dostları ilə birgə yenidən məntəqəyə gəlib və əvvəlki mübahisəni həll etməyə çalışıb.
Bu zaman məntəqə müdirinin oğlu Həmid Məmmədov da ərazidə olub. Başlayan mübahisə və dava zamanı Rövşən Zamanov gənci ürəyindən bıçaqlayaraq öldürüb. Bundan sonra o, hadisə yerindən qaçıb. Lakin uzağa gedə bilməyib. Rövşən səhər saat 10 radələrində Masallı polisi tərəfindən həbs edilib. Digər 3 nəfərin axtarışı isə davam edir. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

* * *13:55

Masallıda qətl hadisəsi baş verib.

Masallı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə rayonun Sərçuvar kəndi ərazisində qeydə alınıb.
Rayonun Xıl kənd sakini, 1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov şəxsi münasibətlər zəminində Sərçuvar kənd sakini, 1999-cu il təvəllüdlü Həmid Bayram oğlu Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb. 16 yaşlı H.Məmmədov aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Qətli törətmiş R.Zamanov rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isti izlərlə yaxalanıb. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır (APA).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.