Kəndlərimizin qazlaşdırılması uğurla davam etdirilir - Tərtərdə
11-09-2015, 17:26
Sentyabrın 11-də rayonun Təzəkənd kəndinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Mərasimi giriş sözü ilə Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Razil Məmmədov açaraq kənddə 875 nəfər əhali yaşadığını bildirdi, kənd haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
teref.az xəbər verir ki, sonra kənd ağsaqqalı Həmid İbrahimov, kənd sakinləri Rahilə Məmmədova, Azər Həsənov çıxış edərək uzun illər kənddə mavi yanacaq olmadığından çox əziyyət çəkdiklərini və yanacağa olan təlabatın ödənilməsi üçün daha çox vəsait xərcləndiyini qeyd etdilər. Bu gün isə uzun illərdir həsrətlə gözlədikləri günün gəlib çıxdığı üçün dövlətimizin başçısı cənab İlham Əliyevə kənd sakinləri adından öz minnatdarlıqlarını bildirdilər.
Tədbirdə iştirak edən Azəriqaz İstehsalat Birliyinin Mətbuat xidmətinin rəisi İbrahim Kərbəliyev də çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Təzəkənd kəndində 180 nəfər abonentin mənzilinə “mavi alov”un verildiyini, ümumilikdə ərazidə birpilləli sistem əsasında 8400 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, 180 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirdi.
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da böyük işlər görüldüyünü qeyd etdi. Bildirdi ki, görülən işlərin mərkəzində insan amili, onun maddi-rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılması durur. Rayonda təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq kəndlərimizin qazlaşdırılması sürətlə davam etdirilir. Hazırda Tərtər şəhəri ilə yanaşı 26 kəndimiz qazla təmin olunmuşdur. Seydimli, Köçərli, Cəmilli, Sarıcalı, Borsunlu, Dəmirçilər, Sarov kəndlərində çəkiliş işləri surətlə davam etdirilir, Hacıqərvənd kəndində isə son tamamlama işləri görülür yaxın günlərdə açılışı olacaqdır.
Rayon rəhbəri Tərtər şəhərinin və ona bitişik 11 kəndinin içməli su və kanalizasiya sisteminin quraşdırılması işlərinə başlandığını da vurğuladı.
Çıxışının sonunda görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirərək, uzun illər “mavi yanacaq” sarıdan əziyyət çəkən kəndə təbii qazın verilməsi münasibətilə sakinləri bir daha təbrik etdi, təbii yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzuladı. O, sakinlərə onların təhlükəsizliyi üçün qazla ehtiyatlı davranmağı tövsiyə etdi.
Sonra rayon rəhbəri Müstəqim Məmmədov ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı.
Tədbirin sonunda rayon rəhbəri kənd sakini Həmid İbrahimovun fərdi yaşayış evində təbi qazın alovlandırılmasında iştirak etmiş, ailə üzvləri ilə söhbət etmişdir.