DYP rəisi jurnalisti məhkəməyə verdi - Xüsusi ittiham

21-09-2015, 18:20           
DYP rəisi jurnalisti məhkəməyə verdi - Xüsusi ittiham
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi polkovnik Nuşirəvan Səfərov “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, polis rəisi bu saytın 31 avqust tarixli buraxılışında yayımlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazıda təhqir olunduğunu iddia edib və E.Məhərrəmlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş edib. İddia ilə bağlı hazırlıq iclası sentyabrın 22-də Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək.

E.Məhərrəmli deyib ki, həmin yazıda Nuşirəvan Səfərov sərt tənqid olunub: “Səfərovu qəzəbləndirən yazıda iddia olunub ki, ən yüksək səviyyədə tənqidlərə, xəbərdarlıqlara, hüquqi müstəvidə və KİV-də ifşalara baxmayaraq, DYP-nin işində ciddi dönüşə nail olunması mümkün olmur. DYP-də korrupsiya və rüşvət var”.
Sayt rəhbəri deyir ki, məhkəmədə iki maddi sübut təqdim edəcək: “Biri videokadr, digəri audioyazı olmaqla, iki maddi sübut təqdim edəcəyik. Videokadrlarda sözügedən yazı yayımlandıqdan 3 gün sonra elə mənim maşınımın DYP tərəfindən saxlanılması və rüşvət tələb olunması faktı var. Audioyazıda isə Nəcməddin Sadıkovun oğlunun saxlanmasına görə Nuşirəvan Səfərovun öz işçisinə təzyiqləri haqda danışıqlar öz əksini tapıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.