Oktyabr ayının 1-də Bilgəh qəsəbəsinə gedən şossedə yerləşən ABU Petrol avtomobil yanacaqdoldurma məntəqəsinin işçilərinə maskalı naməlum adamlar hücum ediblər.
Bu barədə virtualaz.org saytına Sabunçu Rayon Polis İdarəsindən bildiriblər.
Cinayətkarların yanacaqdoldurma stansiyasının ərazisinə “VAZ-2107” markalı avtomobil ilə gəldikləri məlumdur.
Cinayətkarlar stansiya işçilərini ölümlə hədələyərək, onlardan bütün gəliri alıb hadisə yerindən qaçıblar.
Basqın zamanı yanacaqdoldurma stansiyasında üç işçi olub. Zərərçəkənlər cinayətkarların əlində silah olduğunu, amma bu silahın soyuq və ya odlu silah olduğunu müəyyən edə bilmədiklərini deyiblər.
Dəyən zərərin məbləği açıqlanmır, amma məbləğin böyük olduğu məlumdur.
İndi cinayətkarların axtarışı və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.