VTB bankında növbəti korrupsiya qalmaqalı
2-10-2015, 21:20
Azərbaycana gəlmiş bank VTB-ni korrupsiya qalmaqalları bürüyüb.
TİA.AZ iqtisadçı ekspert Əkrəm Həsənova istinadən məlumat verir ki, Nəsimi rayon məhkəməsinin hakimi Pərviz Hüseynov Bank VTB-nin işdən çıxarılmış “Sahil” filialının rəhbəri Böyükağa Məmmədovu əvvəlki vəzifəsinə bərpa edib.
B.Məmmədov işdən korrupsiya qalmaqalı - müştəriyə kreditin verilməsi nəticəsində azad olunmuşdu. Lakin məhkəmə işdən çıxarılmanın əsassız olduğu qənaətinə gəlib. Yeri gəlmişkən, hazırda elə həmin məhkəmədə bu bankın işdən çıxarılan digər iki işçisinin də banka qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesləri gedir.
Onların işdən çıxarılması səbəbi bankın son illərdə açdığı filialların təmiri əsnasında 600 000 manatın yeyintisidir. İşçilər bu məsələnin ümumiyyətlə onlara aid olmadığını iddia edir. Məlum olduğu kimi, VTB ikinci rübü 17 milyon manatdan çox zərərlə başa vurub, məcmu kapitalı heç 34 milyon manat təşkil etmir (məcmu kapitalın 50 mln. manatdan az olması bankın lisenziyasının alınması üçün əsasdır), problemi kreditlərin həcmi 54 mln. manatı ötüb.
Buna görə də təhlükəsizlik kontekstində VTB ölkəmizin ən etibarsız banklarından biridir. Əmanətçilər çox ehtiyatlı olmalıdır. Nəzərə alsaq ki, VTB ölkədə yeganə Rusiya bankıdır. (Nikoyl Bank and-aman edir ki, Rusiya bankı deyil) Ekspertin fikrincə, bu, ən təhlükəli bankdır. Rusiya indi ağır maliyyə durumundadır.
İki cəbhədə - Ukrayna və Suriyada apardığı müharibə onun iqtisadiyyatını tamamilə məhv edə bilər. Belə şəraitdə əmanətçilərimizin bu banka qoyduğu vəsait nəinki ölkə daxilində, həm də Rusiyada problemli kreditə çevrilə bilər. Bir neçə il ərzində VTB lisenziya ala bilmirdi. Səbəb o idi ki, VTB-nin Ermənistandakı törəməsinin Qarabağda filialı var idi.