"Neftçi" "Keşlə"yə qalib gəlib

8-03-2021, 22:07           
"Neftçi" "Keşlə"yə qalib gəlib
"Sabah" yenə xal itirib

Azərbaycan Premyer Liqasında XIX tura start verilib. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, bu gün turun ilk iki oyunu keçirilib.

Hər iki görüş Bakıda baş tutub. Əvvəlcə autsayder “Sabah” meydana çıxıb. 2021-ci ildə qələbə üzünə həsrət olan paytaxt təmsilçisi bu tilsimi “Sumqayıt”la matçda da qıra bilməyib. Komandalar hərəyə 1 qolla aktivlərinə 1 xal yazdırıblar. Visente Qomesin yetirmələri 6-cı sınağında 3-cü heç-heçəsini edib. Bundan əvvəlki üç matçda qalib gələ bilmədiyi üçün 4-cü pillədəki mövqeyini təhlükə altına atan “kimyaçılar” isə yenə 1 xala sevinməli olublar.

Lider “Neftçi” paytaxt derbisində “Keşlə”ni sınağa çəkib. Sənan Qurbanovun baş məşqçi postuna təyinatının ardından son 3 oyunda rəqibləri ilə sülh bağlayan “Keşlə” flaqmana eyni aqibəti yaşada bilməyib. Rəqibini 3 qolla üstələyən Samir Abasovun yetirmələri liderliyini davam etdirib. Qəsəbə təmsilçisinin gücü yalnız təsəlli topuna çatıb. Bu matçda dubla imza atmaqla qollarının sayını 13-ə çatdıran Namiq Ələsgərov bombardirlər yarışında Mahir Emrelini geridə qoyaraq, liderliyi ələ keçirib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Qəbələ” “Səbail”i (15:00), “Zirə” isə “Qarabağ”ı (17:15) qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru