Sumqayıtda hədələnən hakim: "Dedilər ki, sizə göstərərik"
17-02-2016, 01:13
16 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatında "Zirə" ilə oyundan sonra "Sumqayıt"ın futbolçusu Vaqif Həsənovun hədə-qorxu gəldiyi hakim Muxtar Acalov olub.
"Report"un məlumatına görə, Acalov Emin Müsadiqin başçılıq etdiyi hakimlər briqadasında laynsman kimi yer alıb.
Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutmuş qarşılaşma "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 2:0.
E.Müsadiq "Report"a açıqlamasında bildirib ki, matçın ardından yerli komandanın bir neçə futbolçusunun Acalovun üzərinə yeridiyini görüb. Onun sözlərinə görə, Həsənov və başqa bir futbolçu laynsmanın qarşısında duraraq, "Çıxarsız bayıra, görərsiz" deyə hədə-qorxu-gəlməyə başlayıblar: "Mən də olay yerinə yaxınlaşdım. Həmin uşaqları hakimlər otağına çağırdıq. Bu zaman "Sumqayıt"ın məşqçisi də gəldi və üzrxahlıq etdi. Mən isə "Bu hərəkəti protokola yazacağıq və o uşaq cəzalanacaq" dedim və müvafiq qeydlər etdim. Bunlar bizdən yaşca xeyli kiçik, həm də uşaqdırlar. Belələri ilə dalaşmaq düzgün də çıxmazdı. Amma həmin futbolçu cəzalanmalıdır".
Olayı təsdiqləyən Acalov isə futbolçulardan birinin ondan üzr istədiyi halda, Həsənovun çox özündənrazı davranış sərgilədiyini bildirib: "Dedilər ki, sizə göstərərik. Onlara heç bir cavab vermədim. Məşqçi üzr istədi, digər futbolçu da ağlaya-ağlaya gəlib "Səhv etmişik, bağışlayın" dedi. Amma 11 nömrəli Vaqif Həsənov sanki heç nə olmayıbmış kimi çıxıb getdi".
"Sumqayıt" klubundan "Report"a bildirilib ki, hadisə araşdırılır və günün sonunadək müvafiq tədbir görüləcək.
Qeyd edək ki, AFFA İntizam Komitəsi Sumqayıtdakı orta məktəblərdən birində oxuyan Vaqif Həsənovu 5 oyunluq diskvalifikasiyaya məruz qoyub.