Azərbaycan gimnastları Dünya Kubokunun finalında
6-03-2016, 10:50
Azərbaycanın Ruslan Ağamirov-Dmitri Fedorovski cütlüyü Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda sinxron çıxışlarda finala çıxıblar.
“Trend”in məlumatına görə, təsnifatın yekunları üzrə onlar 84,100 balla beşinci yeri tutublar. Finala, həmçinin, Belarus, Rusiya, Portuqaliya, Fransa, Ukrayna, Yaponiya və Bolqarıstan təmsilçiləri çıxıblar. Qeyd edək ki, Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku martın 5-6-da keçirilir.
Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək. Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.
Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq ölkə çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.
İlk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək. İkinci yarış günündə isə finallar baş tutacaq. Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.