Messi Pepə rəhm etmədi, "Barsa" qisasını aldı
7-05-2015, 02:23
Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə bir matç baş tutub. Günün yeganə oyununda "Barselona" sabiq baş məşqçisi Pep Qvardiolanın başçılıq etdiyi "Bavariya"nı qəbul edib. Matçda 3 qol vurulub. 77-80-cı dəqiqələrdə dubl edən Lionel Messi matçın taleyini böyük ölçüdə həll edib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Neymar qoyub - 3:0.
Qeyd edək ki, komandalar sonuncu dəfə 2012/13 mövsümündə Çempionlar Liqasının yarımfinalında qarşılaşmışdı. Həmin vaхt "Bavariya" iki oyunun nəticəsinə görə "Barselona"nı 7:0 hesabı ilə yenmişdi (4:0, 3:0). Hazırda "Bavariya"ya başçılıq edən Pep Qvardiola 1990-2001-ci illərdə "Barselona"nın formasını geyinib. Bu müddətdə o, La Liqanın (6 dəfə), "Kral Kuboku"nun (2), İspaniya Superkubokunun (4), Çempionlar Liqasının (1), Kuboklar Kubokunun (1) və UEFA Superkubokunun (1) qalibi olub. 2008-2012-ci illərdə baş məşqçi kimi komandaya başçılıq edən 44 yaşlı mütəхəssis La Liqanı (3 dəfə), "Kral Kuboku"nu (2), İspaniya Superkubokunu (3), Çempionlar Liqasını (2), UEFA Superkubokunu (2) və klublararası dünya çempionluğunu (2) qazanıb.
Qeyd edək ki, yarımfinalın ilk oyunu dünən baş tutub və "Yuventus" (İtaliya) "Real"ı 2:1 hesabı ilə yenib.
Çempionlar Liqası
1/2 final
İlk oyun
6 may
Barselona (İspaniya) - Bavariya (Almaniya) 3:0
Qollar: Lionel Messi, 77; 80. Neymar, 90+4.