Daşların tarixi əks etdirdiyi istirahət mərkəzləri: 40 milyon insanı cəlb edən park VİDEO
Dünən, 16:18

Dünyanın iri metropolları əsasən beton və şüşə səhrasından ibarət olsa da, onların ortasında nəfəs alan yaşıl bir ürək döyünür - mərkəzi parklar. Bu parklar təkcə istirahət zonası deyil, həm də azadlığın, bərabərliyin və şəhər ruhunun simvoludur.
XIX əsrdə yaradılan Nyu-Yorkdakı "Central Park" "hər kəs üçün park" ideyası ilə şəhər planlaşdırılmasında inqilab etmişdi. Burada həm varlıların at arabası yolları, həm də kasıbların piyada cığırları paralel şəkildə salınmışdı. Parkın girişlərinə generalların deyil, sənətkarların və alimlərin adlarının verilməsi isə demokratiya fəlsəfəsinin əyani ifadəsi idi. Bu gün "Central Park" təbii görünümlü süni gölləri, körpüləri, tədbirləri və teatrları ilə hər il 40 milyona yaxın insanı cəlb edir.
Onun büdcəsinin 80 faizi könüllülərin dəstəyi ilə formalaşır ki, bu da ictimai bağın gücünü nümayiş etdirir. Londondakı Hayd Park bir vaxtlar kralın ov ərazisi olsa da, XVII əsrdən sonra azad sözün rəmzinə çevrilib. Berlinin Tiergarten parkı da keçmiş kral ov sahəsindən sülhün və tarix yaddaşının mərkəzinə çevrilib. Burada Sovet memoriallarından tutmuş nasizm qurbanlarına həsr olunmuş abidələrə qədər müxtəlif izlər mövcuddur.
Varşavadakı Lajenki, Madriddəki Retiro və Budapeştdəki Viktoriya parkı kimi nümunələr şəhərlərin yaşıl simasını formalaşdıran unikal məkanlardır. Bu kontekstdə Bakı da öz yaşıl ruhunu yaratmaq niyyətindədir. Şəhərin yeni Mərkəzi Park layihəsi "Central Park", Hayd Park və Tiergarten nümunələri əsasında hazırlanır və burada süni göllər, yürüş yolları, açıq tədbirlər üçün meydanlar nəzərdə tutulub.
Layihə yalnız yaşıllıq deyil, həm də ictimai həyat və birliyə xidmət etməyi qarşısına məqsəd qoyur.
Memar Elçin Əliyev bildirir ki, Mədəniyyət Nazirliyi və digər dövlət qurumları dəfələrlə bəyan ediblər ki, heç bir memarlıq abidəsi sökülməyəcək:
"Çünki gözəl binaların sökülməsi normal insana qeyri-mümkün görünür. Ancaq şəhərdə hər daşdan yapışmaq da mümkün deyil. Bəzi binalar nə tarixi, nə estetik dəyərə malikdir və fiziki baxımdan da qəzalı vəziyyətdədir".
Ətraflı Baku TV-nin süjetində: