“Qarabağ” Almaniyada “Frayburq”a məğlub olub

9-09-2022, 07:53           
“Qarabağ” Almaniyada “Frayburq”a məğlub olub
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda “Frayburq”un qonağı olub.

“Europa-Park” stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

Daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə “Frayburq”u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla “köhlən atlar”ı növbəti dəfə mərkəzə dəvət edib.

22-ci dəqiqədə Qara Qarayevin, 33-cü dəqiqədə Abdullah Zubirin zərbəsi dəqiq alınmayıb. “Qarabağ”ın heyətində Marko Veşoviç 39-cu dəqiqədə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.

İkinci yarı qarşılıqlı hücumlar şəraitində başlayıb. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qalsa da, baş hakim penalti təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib.

G qrupunun digər matçında Yunanıstan “Olimpiakos”u Fransada “Nant”a 1:2 hesabı ilə uduzub. “Qarabağ” sentyabrın 15-də II turda “Nant”ı qəbul edəcək, “Frayburq” isə “Olimpiakos”un qonağı olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.