Karlos Kayzer - heç vaxt futbol oynamayan “dahi futbolçu”
3-01-2025, 17:36
Daha çox Karlos Kayzer kimi məşhurlaşan Karlos Enrike Raposonun maraqlı hekayəsi var.
İdman.biz xəbər verir ki, 61 yaşlı braziliyalı vaxtilə özünü futbolçu kimi tanıdıb və hücumçu mövqeyində oynadığını bildirib.
Futbolçu ustalığını kimsə görməsə də, on ildən çox çəkən karyerası ərzində Braziliya və hətta digər ölkələrin yüksək divizion klubları ilə peşəkar müqavilə bağlamağı bacarıb. Bir oyun belə keçirməyib və meydana çıxmağa ən yaxın olduğu vaxtda isə isinmə hərəkəti zamanı qırmızı vərəqə alıb. Karlos tez-tez “zədə”lənməsi, mütəmadi komanda dəyişməsi və digər hiylələrlə futbol bacarığını gizlədib. "The Guardian" onu futbol tarixinin ən böyük fırıldaqçısı adlandırıb.
Karlos 2 aprel 1963-cü ildə Braziliyada anadan olub. Əfsanəvi Frans Bekkenbauerin populyarlığından bəhrələnərək onun ləqəbi "Kayzer"i özünə soyad seçdiyi bildirilsə də, dostlarından biri onun "Kayzer" pivəsinin adından götürüldüyünü iddia edir.
Balaca Karlos 1972-ci ildə "Botafoqo"nun akademiyasına daxil olub və bir il sonra "Flamenqo"nun akademiyasına keçib və burada altı il yeniyetmələr və gənclər komandalarında mərkəz hücumçusu kimi çıxış edib. 21 yaşında Meksikanın "Puebla" klubunun skautlarını heyran edərək ilk peşəkar müqaviləsini bağlayıb.
Futbolçu və məşqçilər Kayzerin inanılmaz xarizmatik insan olduğunu qeyd edirlər. İstənilən həmsöhbətlə ortaq dil tapmağı, istənilən mövzuda danışmağı bacarır, özünü çoxbilmiş göstərirdi. Braziliya millisi ilə dünya çempionu olmuş Bebeto onun haqqında belə deyib: “Onun boşboğazlığı o qədər gözəl idi ki, ağzını açmağa icazə versəniz, sizi məftun edərdi. Bundan qaçmaq şansınız yox idi”.
Karlos Kayzer heç bir klubda bir ildən artıq qalmayıb. Hər mövsümün əvvəlində məşq zamanı “zədə” alaraq, klub həkimlərini mütəmadi problemlərindən agah edib, bütün mövsümü özünü zədəli kimi aparırdı. MRT aparatları hələ mövcud olmadığından həkimlər bunun əksini sübut edə bilmirdilər. Bütün mövsüm klubda boş-boş gəzən Kayzer zarafatlar, gülməli hekayələr danışır və oyunçuları həvəsləndirərək komanda ruhu üzrə mütəxəssisə çevrilirdi.
Azərbaycan millisinin keçmiş baş məşqçisi Karlos Albertonun oğlu və Braziliya millisinin keçmiş oyunçusu Aleşandre Torres də vaxtilə Kayzerlə eyni komandada olub və onu belə xatırlayır: “O, əhvalatlar danışır və oyunçuları xəyal qurmağa sövq edirdi. Düşünürəm ki, məhz buna görə hamı onu sevirdi”.
Karlos gənclər komandasının oyunçuları ilə danışır, məşqdə ona qarşı kobud oynamaları üçün pul təklif edir, bu da ona yeni saxta zədə almağa imkan verirdi. Klub sahibi stadionda olarkən tribunalardan adının müsbət mənada qışqırılması üçün azarkeşlərə də pul ödəyirdi. Kayzeri "nənə qatili" adlandırırdılar, çünki oynadığı hər klubda belə bir hiylə də işlədirdi: klubun rəhbərliyinə nənəsinin vəfat etdiyini deyir və bir neçə günlüyünə dəfn mərasiminə gedir, çox sarsılmış halda qayıdaraq futbol oynamaq hayında olmadığını bildirirdi.
Karlos Kayzer yaxşı bilirdi ki, o illərdə rəqabət aparan klublar arasında ünsiyyət yox səviyyəsindədir. Onun haqqında xəbərlərin sürətlə yayıla biləcəyi internet də yox idi. Buna görə də mənfi reputasiya qazanmasına baxmayaraq, sadəcə yaxşı rəylər alaraq klubunu dəyişə bilirdi. Komandalar da əmək haqqı cədvəlində yer boşaltmaq düşüncəsi ilə Kayzerlə yollarını böyük məmnuniyyətlə ayırırdılar. Futbolçunun transferində səhvlərini etiraf etməmək üçün klublar skautlara Karlosla bağlı, bir qayda olaraq, yaxşı xasiyyətnamə və rəy verirdilər.
Kayzer 29 yaşında "futboldan" gedib. Karyerasında ən azı 13 transfer olub və bəzi klublarla ("Botafoqo", "Flamenqo", "Banqu") hətta iki dəfə müqavilə imzalayıb. Deyilənə görə, Argentina, Fransa v ABŞ-də də “legioner həyatı” yaşayıb.
Futboldan sonra isə Rio de Janeyroda fitnes klublarında təlimatçı kimi çalışıb.
Maraqlıdır ki, Karlos Kayzerin hekayəsi ilk dəfə 2011-ci ildə Braziliyanın "Globo" televiziya kanalının saytındakı yazıdan sonra geniş yayılıb.
2015-ci ilin noyabrında Karlos Kayzer "futbolçu hekayəsi"nin filmini çəkmək üçün Britaniyanın "Nods & Volleys Entertainment Limited" şirkəti ilə eksklüziv müqavilə imzalayıb. 2016-cı ilin dekabrınadək davam edən çəkilişlərdə Karlos Alberto Torres, Renato Qauşo, Ziko, Bebeto, Junior və Rikardo Roşa kimi futbolçular da iştirak edib. “Kayzer! Heç vaxt futbol oynamayan dahi futbolçu” adlı sənədli filmin premyerası 21 aprel 2018-ci ildə Traybeka film festivalında olub.
2018-ci ildə jurnalist Rob Smit də eyni “Kayzer: heç vaxt futbol oynamayan dahi futbolçu” adlı kitabını nəşr edib.
Kayzerin qardaşı oğlu Hyuri də peşəkar futbolçu və hücumçudur. Amma məşhur əmisindən fərqli, o, karyerası ərzində 50-dən çox qol vurub.
İdman.biz