“Traktor” klubunun sahibi: Federasiyanın qərarı “irqçi şüar” verənlərə təşviq oldu, məsələni FİFA-da təqib edəcəyik
17-02-2025, 16:34

İran Futbol Federasiyasının qərar açıqlamasına rəğmən, yanvarın 26-da keçirilən “Traktor Azərbaycan” - “Persepolis” matçında baş verən olaylarla bağlı qızğın mübahisələr bitmir.
Traktor klubunun sahibi Məhəmmədrza Zunuzi Futbol Federasiyası intizam komitəsinin qərarını sərt bir dillə tənqid edib. Zunuzi qərarın “irqşi şüarlar” səsləndirən Persepolis tərəfdarlarına cəza deyil təşviq olduğunu önə çəkib.
Yarı-rəsmi Tasnim agentliyinə istinadən, Zunuzi türklərə qarşı səsləndirilən irqçi şüarlar məsələsini FİFA-da təqib edəcəklərini deyib.
“Bəzi komandalar ölkədə irqçi davranışlara yön verirlər, bu yaxşı deyil. Biz hamımız iranlıyıq və İranın bütün əhalisi bu ölkə üçün zəhmət çəkib. İrqçi şüarlar səsləndirib bir kəsimi incitmək doğru deyil. Mən klubumuzun idarə heyətinə dedim ki, məsələni təqib etsinlər. Persepolis haqqında verilən bu hökmlə, məncə onları təşviq edirlər ki, yenə də eyni işi görsünlər,” Traktor klubunun sahibi söyləyib.
O, bir jurnalistin Traktor klubunun FİFA-ya müraciəti ilə bağlı sualına cavab olaraq deyib ki, “məsələni 100 faiz təqib edəcəyik. Çünki [federasiyanın verdiyi] hökm ədalətli deyil. Mən ədalət istəyirəm, başqa işim yoxdur. Hamı bilir ki, FİFA irqçiliyə qarşı sərt tədbirlər görür.”
Tehranın Persepolis klubunun təmsilçiləri də Traktor klubuna qarşı sərt açıqlamalar yayıblar. Tehranlı klubun ictimaiyyətlə əlaqələr üzrə direktoru Mustafa Ləşgəri öz İnstagram səhifəsində yazıb ki, “irqçilik hər hansı formada məhkumdur. Ancaq, kaş ki, bu həssasiyyət əbədi fars adını daşıyan körfəz üçün saxta adlar işlədənlərə də göstərilsəydi.”
Persepolis klubunun təmsilçisi bu sözlərlə Traktor klubu tərəfdarlarının “ərəb körfəzi” dediklərini göstərən videolara diqqət çəkib. Daha əvvəl sosial şəbəkələrdə yayımlanan videolarda bəzi Traktor azarkeşlərinin İranda “fars körfəzi” olaraq tanınan İran körfəzi yerinə “ərəb körfəzi” dedikləri görünüb.