Messi ən çox qazanan idmançılar reytinqində Ronaldoya uduzdu
23-04-2025, 11:14
Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi dünyanın ən çox qazanan idmançıları arasında altıncı yerdən beşinci yerə yüksəlib. Bu reytinqi “Sportico” jurnalı tərtib edib.
Siyahı idmançıların karyerası ərzində və ondan sonrakı dövrdə qazandıqları gəlirlərə əsasən, inflyasiya nəzərə alınmaqla hesablanıb. Qazanca maaşlar, bonuslar, mükafatlar, tədbirlərdən gəlir, qonorarlar və reklam müqavilələri daxildir.
Məlumata görə, Messi ümumilikdə 1,85 milyard ABŞ dolları qazanıb.
Reytinqin lideri isə 6 qat NBA çempionu Maykl Cordan olaraq qalır – onun ümumi qazancı 4,15 milyard dollardır (inflyasiya nəzərə alınmaqla). İkinci pillədə qolfçu Tayger Vuds (2,79 milyard dollar), üçüncü yerdə isə portuqaliyalı futbolçu Kriştianu Ronaldu (2,23 milyard dollar) qərarlaşıb. Dördüncü yeri 4 dəfə NBA çempionu olmuş Lebron Ceyms (1,88 milyard dollar) tutur.