"Qalatasaray" fanatları və futbolçularından örnək davranış - FOTOLAR
12-12-2016, 14:13
İstanbulda 38 nəfərin (30 polis, 8 mülki vətəndaş) şəhid olması ilə nəticələnən terror hadisəsi ölkənin hər yerində yad edilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, futbol çempionatının "Qalatasaray"-"Qaziantepspor" qarşılaşmasında da futbolçular davranışları ilə təqdir ediliblər.
"Qalatasaray" fanatları oyundan 15 dəqiqə əvvəl stadiona girən Çevik Qüvvət polislərini ayaqüstə alqışlayıb. Onlar "Şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndiriblər. Hər iki klubun futbolçuları və hakimlər polislərə qərənfillər veriblər. "Qalatasaray"ın kapitanı Selçuk İnan polislərdən birini stadionun ortasına gətirərək alqışlatdırıb. Beşiktaşda baş verən hadisədə 30 həmkarı həlak olan polislər bu hərəkətdən kövrəliblər.
"Qalatasaray"lı Yasin Öztekin də vurduğu qoldan sonra əsgər salamı verib. O, daha sonra polislərə sarılaraq sevincini bölüşüb. Yasinin bu davranışı Tvitterdə ən çox müzakirə edilən anlardan olub.