Bakıda “Kəpəz” üzərindən bazarlıq: - Villaların izi ilə...

10-02-2017, 15:42           
Bakıda “Kəpəz” üzərindən bazarlıq: - Villaların izi ilə...
"Kəpəz"in uğursuz çıxışı davam edir

Yeni ildə qələbəyə həsrət qalan Nizami yurdunun təmsilçiləri bu gün də səfərdə "Sumqayıt"a boyun əydi. Vəziyyət günü-gündən pisləşir, azarkeşlər komandadan, komanda özündən narazıdı. Çarə isə tapılmır...

"Kəpəz"in uğursuzluğunun səbəblərini atxarmaq kimi niyyətimiz yoxdu. Kim kimə "torba tikir", kimin gözü kimin yerindədi, özləri bilər. Bununla işimiz yoxdu.

Bu yazıda sizə bu gün eşitdiyimiz informasiyaları çatdıracağıq. Məlum "Sumqayıt" - "Kəpəz" oyunundan sonra iki klub əməkdaşı arasındakı söhbət diqqətimizi çəkdi, daha doğrusu bizi sözün əsl mənasında şoka saldı. Deyək, siz də bilin ki, ölkənin ən köklü klublarından biri olan "Kəpəz"i kimlər bazara çevirib.

Məlum olduğu kimi, "Kəpəz" də artıq Bakı klubuna çevrilib. Gəncə təmsilçisi paytaxtda yerləşib, ev oyunları olanda Gəncəyə üz tutur. Yeri gəlmişkən, bu il hələ doğma torpağa ayaqları dəyməyib. Allah qoysa, hava şəraiti imkan versə (!) "Qarabağ"la XVIII turun oyununda Gəncəyə səfər etməlidilər.

Komandanın Bakıda məskunlaşması da narazılıqlara səbəb olub. Məsələn, uğursuz çıxışa görə oyunları boykot edən "Xəmsə" fan-klubu səbəblərdən biri kimi də komandanın doğma şəhərdən imtinasını göstərib.

Bəs "Kəpəz" niyə Bakıda qalır? Komanda harda məskunlaşıb? Bu sualların cavabını bugünkü matçdan sonra iki klub əməkdaşı arasındakı söhbətdən öyrəndik. Məlum oldu ki, rəhbərlik futbolçuların qalması üçün paytaxtda bir villa icarəyə götürüb. Bütün komanda üzvləri orda yaşayır. Bu villa da AFFA-nın Mətbuat və İctimaiyyətlə Ələqalər Departamentinin rəhbəri, "Kəpəz"in Müşahidə Şurasının üzvü - yəni Elxan Məmmədovun klubdakı səlahiyyətli nümayəndəsi Mikayıl Nərimanoğlunun vasitəçiliyi ilə kirayələnib. Özü də real dəyərindən bir neçə dəfə baha qiymətə rəsmiləşdirilib. Həmin villanın kimə məxsus olduğunu bilmədik. Amma böyük ehtimalla, özlərinə yaxın şəxslərdən birinindi.

Futbolçulardan fərqli olaraq, komandanın iki gəncəli məşqçisi - Füzuli Allahverdiyev və Xaliq Mərdanov üçün başqa ev kirayəyə götürülüb. Bilirsiz bu ev kimindi? AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun... Deyilənə görə, bu ev də real dəyərindən bir neçə dəfə baha qiymətəyə icarəyə götürülüb. Yəqin buna görə Vaqif Sadıqov Mikayıl Nərimanoğluna təşəkkür edib. Axı bu prosesdə cənab Nərimanoğlunun ona böyük köməyi dəyib.

Eşitdiklərimiz bununla da bitmir. Əksinə,həngamə burda başlayır. "Kəpəz" azarkeşləri Rəşad Eyubovun 2015/16 mövsümünün qış fasiləsində "Qəbələ"yə transferini yaxşı xatırlayar. Qısa müddətdə komandanın aparıcı simalarından birinə çevrilmiş hücumçu Premyer Liqanın iddialı klubuna üz tutmuşdu. Bugünkü söhbətdən məlum oldu ki, "Kəpəz" Rəşadı "Qəbələ"yə pulsuz göndərməyib. "Qırmızı-qaralar" onun üçün gəncəlilərə samballı məbləğ ödəyib. Amma həmin puldan "Kəpəz"in büdcəsinə qara qəpik də daxil olmayıb. Deyilənə görə, bu məsələdə də Mikayıl Nərimanoğlu baş rolda olub. "Qəbələ"dən alınan pul Elxan Məmmədovun səlahiyyətli nümayəndəsi tərəfindən "ünvanına" çatdırılıb...(Fanat.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.