“Qarabağ”- a oyun qabağı "badalaq" - Nazirin oğlununda adı hallanır
5-08-2015, 12:03
Bu gün saat 21: 30-da Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının (ÇL) üçüncü təsnifat mərhələsində “Qarabağ” Şotlandiyanın “Seltik” klubu ilə cavab görüşü oynayacaq. Rəqib meydanında keçirilən ilk oyunda “Seltik” 1:0 hesabı ilə qalib gəlib. “Qarabağ” Avropanın ən titullu liqasının qrup mərhələsinin bir addımlığındadır. Avqustun 4-də ÇL “pley-off”unda oynayacaq 4 komanda artıq məlum olub. Bu gün “Qarabağ” da bu şansı qazana bilər.
Amma təəssüf ki, klubumuz öz meydanında ciddi problemlə üzləşib. Artıq 3 gündür ki, mərkəzi arenanın ot örtüyünün bərbad vəziyyətdə olması barədə xəbərlər azarkeşlər arasında da ciddi narahatlıq doğurub. İstənilən meydançanın ot örtüyü ideal olmaya bilər, amma o halda ki, meydana qar, yağış yağsın. Yayın ortasında mərkəzi arenanın ot örtüyünün “yanması”, özü də bu hadisənin adı “Qarabağ” olan Azərbaycan klubunun bu cür son dərəcə mühüm bir görüş ərəfəsi baş verməsi haqlı suallar doğurur. Bu məsələdə əlbəttə ki, klub rəhbərliyinin də məsuliyyət(siz)liyi var. Amma əsas suallar məhz stadionun ot örtüyünə məsul olan şirkətə və Gənclər və İdman Nazirliyinə ünvanlanmalıdır.
Arenanın ot örtüyünün durumuna “Football & Sports Management” (FSM) şirkəti cavabdehdir. Bu şirkət isə Şotlandiya dövlətinin daxil olduğu Böyük Britaniya krallığınındır. İlk şübhə və suallar da elə buradan qaynaqlanır. Əcəba, ingilis şirkəti Şotlandiyaya görə “Qarabağ”ın oynayacağı meydanı bərbad günə qoya bilərmi? Çoxlar, “yox” deyə bilər, ən azı o səbəbdən ki, şotlandlar tarixən müstəqilliyə daha çox meylli olublar, kraliçanı o qədər də sevmirlər, çempionatları da fərqlidir. Üstəlik, onu da demək olar ki, şotlandiyalılar da bu stadionda oynayacaq, problem onlara da yaranacaq və sair...
Amma respublika stadionunun direktoru Akif İsmayılovun dedikləri əsl sensasiyadır və şübhələr üçün əsasdır. Stadionun direktoru arenanın qazonunun bərbad hala düşməsində İngiltərənin FSM şirkətinin günahkar olduğunu deyib. Diqqət edək: “Oyunun başlamasına 4-5 gün qalmış stadiona traktoru salıb başladılar hansısa işlər görməyə, stadionu da bu hala saldılar, bu səhv addım idi. Amma biz buna bir söz deyə bilməzdik, çünki stadionun qazonu bu şirkətə tapşırılıb. Bu otun arenaya əkilməsindən heç bir il vaxt ötməyib, indi görün nə halda düşüb. Təbii ki, isti hava amili əsas məsələdir, amma gedib ”Bakcell Arenaya"da baxa bilərsiz, orda ot yanmayıb, buna səbəb isə ota edilən düzgün qulluqdur".
İllərdir bu stadionun az qala “üzərindən uçan quşları” belə tanıyan direktorun sözlərindən ortada bir xainlik olduğundan başqa nəticə çıxarmaq sadəcə mümkün deyil.
Komanda.az saytının “Football & Sports Management” şirkəti ilə bağlı məlumatı da ingilis şirkəti ilə bağlı xəbərlərə əlavə intriqa qatıb. Gənclər və İdman Nazirliyindəki mənbənin sayta verdiyi məlumata görə, bu şirkət gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun himayəsindədir. Şirkətlə müqavilə də məhz Arif Rəhimovun dəstəyi ilə bağlanıb.
Arif Rəhimov ixtisasca menecerdir. Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı «Cass Business School»da neft və energetika sənayesi ixtisasına yiyələnib.
2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir.
Arif Rəhimov hazırda Londonda yaşayır. Yenə ingilis izi?! Bunu bir qərəz və ya ağlasığmaz azarkeş versiyası kimi qəbul edənləri də anlamaq olar. Amma söhbət “Qarabağ”ın Çempionlar Liqasına düşə bilmək şansından gedir!!! “Qarabağ”ı istəməyənlər çoxdur, elə İngiltərədə də....
Stadion Gənclər və İdman Nazirliyinin balansında olduğu üçün ot örtüyünə də vəsait dövlət büdcəsindən ayrılır. İddialara görə, respublika stadionunda öt örtüyünə bu kimi “təmirlərə” tez-tez ehtiyac olur. Beləcə büdcənin pulları “cibə sovrulur”. Bu əməliyyatdan isə itirən dövlət, qazanan nazir oğlunun himayə etdiyi şirkətdir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “meydançanın durumu haqda düşünmürük, xeyirlisi belədir” deyərək klubun əhval-ruhiyyəsinin saxlamağa çalışıb. “Seltik”in baş məşqçisi də “hər iki komanda üçün eyni şərait olacaq” deyə ürəkli danışıb. Çünki “Seltik” Bakıya oynamağa yox, müdafiədə durmağa gəlir və aydındır ki, stadionun vəziyyətinə görə “Qarabağ”ın işi daha çətin olacaq.
İki gündür ki, bu xəbərlər ölkənin əsas mövzularından birinə çevrilsə də, nə Azad Rəhimov, nə Londonda yaşayan oğlu iddialara münasibət bildirmirlər. Avropa Oyunlarında özünü yaxşı tərəfdən tanıtmış və hər bir qəliz məsələyə dərhal reaksiya verən hörmətli nazir “ingilis barmağı” haqda da iddialara aydınlıq gətirsə yaxşı olar.
Avqustun 4-də “qafqazinfo” saytı meydançanın ot örtüyünün yavaş-yavaş düzəldiyi, amma bəzi yerlərdə problemlərin hələ də qaldığı barədə xəbər yayıb. Ümid edək ki, “Qarabağ” bu gün öz layiqli qələbəsi ilə Azərbaycanı sevindirəcək.