Stadiondakı bərbad duruma görə ittiham olunan nazir oğlu ilə bağlı - Açıqlama

5-08-2015, 15:12           
Stadiondakı bərbad duruma görə ittiham olunan nazir oğlu ilə bağlı - Açıqlama
Bir neçə gündür ki,Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olması ilə bağlı yerli mediada məlumatlar dərc olunur.

"Qafqazinfo" xəbər verir ki, stadionun ot örtüyünün vaxtında təhvil verilməməsində Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov da ittiham olunur. Komanda.az saytında yer alan məlumatda qeyd olunurdu ki, arenanın ot örtüyünün durumuna “Football & Sports Management” (FSM) şirkəti cavabdehdir. Şirkətin sahibi Fərman Əlizadə olsa da, FSM-in Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun himayəsində olduğu bildirilir.

"Qafqazinfo" məsələyə aydınlıq gətirmək üçün FSM şirkətinin rəhbəri Fərman Əlizadə ilə əlaqə saxlayıb. O, şirkətin nazir oğlunun himayəsində olması ilə bağlı xəbəri təkzib edib: “Bu çox gülməli məlumatdır. Çünki FSM şirkəti 2012-ci ildə futbol üzrə 17 yaşlı qadınlar arasında Bakıda keçirilən dünya çempionatına görə yaradılıb. Bizim təsisçilərimiz İngiltərədəndir və baş ofisimiz də Londonda yerləşir. Tofiq Bərahmov adına Respublika stadionuna da müqavilə əsasında baxırıq. Şirkətin Gənclər və İdman Naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus olması yanlış informasiyadır”.

Fərman Əlizadə bu gün keçiriləcək “Qarabağ”-“Seltik” qarşılaşmasında heç bir problemin yaşanmayacağını dilə gətirib: “Düzdür, ot örtüyü ideal vəziyyətdə deyil. Amma stadionda futbol oynamaq mümkündür. Bunun futbolçulara heç bir ziyanı olmayacaq. Çünki oyundan öncə UEFA nümayəndəsi də stadionu yoxlayıb və matçın keçirilməsinə heç bir maneə olmadığını bildirib. Onlar stadionun hansı səbəbdən bu vəziyyətə düşdüklərini özləri də anlayırlar. Havalar çox istidir”.

Şirkət rəhbəri “Havalar istidirsə, niyə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu və “Bakcell Arena” bu vəziyyətə qalmayıb” sualına isə belə cavab verib: “Həmin arenalara da biz nəzarət edirik. Öncə onu deyim ki, adını çəkdiyiniz stadionlarda da eyni viruslar mövcuddur. Lakin ötən mövsüm bitdikdən sonra biz həmin stadionlarda bərpa işləri apara bildik. Amma Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Oyunları keçirildiyi üçün bunu edə bilmədik. Həm də stadiondan stadiona fərq var. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu yalnız məşqlər üçün nəzərdə tutulub. Amma “Bakcell Arena”da da eyni viruslar mövcuddur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.