Boks Federasiyasından Naxçıvan məsələsi ilə bağlı- Açıqlama
30-08-2015, 20:45
Azərbaycan Boks Federasiyası mətbuatda federasiyanın loqosu ilə bağlı yaranan qalmaqal haqda açıqlama verib.
Federasiyadan “Qafqazinfo”ya daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:
““Azərbaycan Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoyub” başlıqlı xəbərlə əlaqədar ABF bildirir ki, federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilib. Federasiyanın, eləcə də beynəlxalq boks federasiyasının rəsmi saytına baxmaqla bunun şahidi ola bilərsiniz.
Bundan başqa, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanı məhz respublikamızın tərkib hissəsi kimi göstərilən loqo əks olunub. Xəbərdə fotosu verilən loqonun ABF-yə heç bir aidiyyatı yoxdur. Bu çox güman ki, ayrı ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilib satılan və federasiyayla bağlılığı olmayan idman geyimidir.
ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində sizə göndərdiyimiz loqo əks olunub. Xahiş edirik ki, bu məsələni yenidən araşdırıb oxuculara obyektiv məlumat verəsiniz”.
Federasiya eyni zamanda rəsmi loqolarının olduğu bir neçə fotonu da yayımlayaraq, məsələyə aydınlıq gətirib.
Xatırladaq ki, Azərbaycan Boks Federasiyasının loqosundakı xəritədə Naxçıvan MR-nın qeyd olunmaması ilə bağlı məlumatı haqqın.az saytı (virtual.org) yaymışdı.