Miksu Paatalaynen: "Azərbaycana qarşı oynamağa, düşüncə olaraq, hazır deyildik"

10-06-2018, 10:51           
Miksu Paatalaynen: "Azərbaycana qarşı oynamağa, düşüncə olaraq, hazır deyildik"
"Nəticədən razı deyilik. Estoniya və Litva ilə Baltika Kubokundakı oyunlarımız yaxşı alınmışdı. Həmin oyunlardan sonra təlim-məşq toplanışımızı və yoldaşlıq oyunları tsiklini müsbət yekunlaşdıracağımıza ümid edirdim. Lakin hər şey tərsinə oldu. Azərbaycanla eyni səviyyəli mübarizə aparacağımızı güman etsəm də, oyun planlaşdırdığımız kimi alınmadı".

"Report"un məlumatına görə, bunu Latviya milli komandasının baş məşqçisi Miksu Paatalaynen Azərbaycan yığmasına evdə 1:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra deyib.

51 yaşlı mütəxəssis qələbə qazana bilməmələrində bütün komandanın günahkar olduğunu bildirib:

"Oyunçular və məşqçilər tələb olunan səviyyədə çalışmadılar. Psixoloji cəhətdən zəifliyi qəbul edə bilmərik. Hər kəs güzgüyə baxmalı və soruşmalıdır:

"Biz nə dərəcədə hazırıq?" Keçirdiyimiz 3 oyunun nəticələrinə əsasən, fiziki və psixoloji cəhətdən zəif hazırlığımız Avropa çempionatının seçmə tsikli öncəsi bizə təhlükə yaradır. Lakin bunlar adi sözlər yox, düşünmək üçün əsasdır. Bunu hamı etməlidir ki, belə hal təkrarlanmasın".

Finlandiyalı baş məşqçinin fikrincə, Azərbaycanı Litva və Estoniya ilə müqayisə etmək çətindir:

"Biz Azərbaycan yığmasını analiz etmişdik. Oyunçularımız bu komandanın təhlükəli, yaxşı oyunçulara malik və yaxşı çıxış etməyə qadir olduğunu bilirdilər. Bu gün biz hətta ilk oyunumuzdakı səviyyəyə də yaxın deyildik. Ona görə də rəqiblərimizdən hansının indiyədək daha yüksək səviyyədə olduğunu demək çətindir. Azərbaycana qarşı oynamağa, düşüncə olaraq, hazır deyildik".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.