Bu gün “Qarabağ” “pley-off” sınağına çıxır
22-08-2018, 10:59

İnanırıq ki, komanda Tiraspoldan bizi sevindirən nəticə ilə qayıdacaq
Çempionlar Liqasında mübarizəni dayandıran təmsilçimiz “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində Tiraspolun “Şerif” klubu ilə qarşılaşacaq. “Şerif”in Ağdam klubu ilə qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, Tiraspol şəhərində keçiriləcək ilk matçı avstriyalı hakimlər briqadası idarə edəcək. Görüşün əsas hakimi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcəklər. Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaynedir.
Ötən il “Şerif” Avroliqanın 1/16 mərhələsinə adlayacaqdı, amma...
Qeyd edək ki, komandalar ötən il ÇL üçüncü təsnifat mərhələsində rəqib olublar. “Qarabağ” Gürcüstanın “Samtredia” klubuna iki oyununun nəticəsinə görə 6:0 qalib gələrək inamla Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazandı və rəqibi “Şerif” oldu. Bakıda keçirilən ilk görüşdə “Qarabağ”ın bütün cəhdlərinə baxmayaraq, oyun qolsuz bərabərliklə yekunlaşdı. Tiraspolda keçirilən təkrar görüşdə “Qarabağ”ın sabiq üzvü Dino Ndlovun və Miçelin qollarına rəqib cəmi bir topla cavab verə bildi. Beləliklə, iki oyunun nəticəsinə görə “Şerif” ÇL mübarizəsini dayandırmalı oldu.
“Şerif” bundan sonra Avropa Liqasının pley-off mərhələsində Polşanın “Legiya”sını mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə vəsiqəni təmin etdi. Bu, “Şerif”in Avroliqada dördüncü sınağı idi. F qrupunda yer alan “Şerif” Moskvanın “Lokomotiv”, Danimarkanın “Kopenhagen” və Çexiyanın “Zlin” klubları ilə rəqib oldu. “Şerif” öz qrupunda 9 xal toplayaraq beş turdan sonra lider oldu. Amma Danimarka klubu ilə aralarındakı oyunlara və top fərqinə görə (“Şerif” 9 xal toplasa da, qapılara cəmi 4 top vurmuşdu) Moldova klubunu 1/16 mərhələyə adlamasına imkan vermədi.
Klubun baş məşqçisi Qoran Sabliç idman ictimaiyyətinə yaxşı tanışdır. 39 yaşlı xorvatiyalı karyerasında bir çox klublarda, o cümlədən “Hayduk” və Ukraynanın “Dinamo”(Kiyev) klublarda oynayıb. Sabliç Xorvatiya milli komandasının heyətində 4 il çıxış etsə də, parlaq oyunu ilə seçilməyib. Sonra futbolçu karyerasına son qoyan xorvatiyalı bir neçə klubda məşqçi işləyib.