Şimali Koreyada apteklərə hərbçilər nəzarət edəcək...
16-05-2022, 08:51
Şimali Koreya lideri Kim Çen In ölkədə koronavirusun yayılması fonunda apteklərə dərman tədarükünü təşkil etmək üçün ordunun səfərbər edilməsi barədə göstəriş verib.
SİA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.
Koreya Fəhlə Partiyasının Siyasi Bürosu ölkədəki vəziyyətlə əlaqədar təcili iclas keçirib. İclasda çıxış edən Şimali Koreya lideri qeyd edib ki, dövlət orqanlarının göstərişinə baxmayaraq dərmanlar apteklərə çatdırılmayıb.
Bununla əlaqədar, Kim Çen In KXDR Xalq Ordusunun hərbi tibb istiqamətinin qüvvələrinə Pxenyana dərman təchizatının dərhal stabilləşdirilməsinə cəlb olunmasını əmr edib.
Koreya Mərkəzi Teleqraf Agentliyi həmçinin Şimali Koreyada son 24 saat ərzində 8 nəfərin koronavirusdan öldüyünü də bildirib. Ölkədə ölənlərin ümumi sayı 50 nəfərdir. Eyni zamanda, xəstələrdən birində testlər gizli omikron kimi tanınan omicron BA.2 coronavirus ştammının bir variantını da aşkar edib.
Qeyd dək ki, mayın 12-də Şimali Koreyada ilk dəfə olaraq koronavirusa yoluxma halı aşkarlanıb. Bundan əvvəl ölkə hakimiyyəti ölkədə pandemiya olmadığını bildirirdi. Hazırda xəstəliyin aşkarlanması ilə əlaqədar olaraq ölkədə fövqəladə vəziyyət elan edilib.