“Ombudsman Aparatının fəaliyyətində ciddi çatışmazlıqlar var”

22-05-2016, 12:35           

Adəm Məmmədov: “İnsanlar arasında maarifləndirmə işi aparılmır, qabaqlayıcı addımlar atılmır”

“Ombudsman Aparatı hansısa müəssisəyə baxış keçirmək üçün kiminsə müraciətini gözləməməlidir”

Son vaxtlar Ombudsman Aparatı, bu institutun fəaliyyəti ilə bağlı ölkə mediasında səslənən tənqidi fikirlərin sayı durmadan artmaqdadır. Bir çox ictimai-siyasi xadim, hüquq müdafiəçisi Ombudsman Aparatını zorakılığa məruz qalan insanların müraciətinə həssaslıqla yanaşmamaqda, bir çox hallarda problemləri görməzdən, duymazdan gəlməkdə ittiham edir.

Maraqlıdır, Omburdsman Aparatının fəaliyyəti nə dərəcədə qənaətbəxşdir? Bu qurum işgəncə və təzyiqə məruz qalan vətəndaşların şikayətinə lazımi həssaslıqla yanaşırmı?

Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran tanınmış vəkil Adəm Məmmədov Ombudsman Aparatında savadlı mütəxəssislərin çalışdığını vurğulamaqla yanaşı, bu sahədə ciddi problemlərin də olduğuna diqqət çəkdi:

“Ombudsman Aparatında kifayət qədər savadlı şəxslər çalışır. Bu isə imkan verir ki, müəyyən hüquq və azadlıqların pozuntusu ilə bağlı olaylarla vaxtında müdaxilə edilsin. Ombudsmanın əsas səlahiyyətlərindən biri odur ki, cəzaçəkmə müəssisələrinə, hərbi hissələrə, təhsil ocaqlarına daxil olaraq buradakı şəraitlə tanış olsun, qarşılaşdıqları pozuntularla bağlı yerli qurumların rəhbərliyi qarşısında məsələ qaldırsınlar.

Ombudsman fəaliyyətindəki zəif nöqtələrdən biri marifləndirmə işinin zəif aparılması ilə bağlıdır. Ombusman Aparatı dövlət qurumlarında, hüquq-mühafizə orqanlarındakı hər hansı bir pozuntunu ictimaiyyiləşdirmir. Maksimum çalışılır ki, bu pozuntular ictimaiyyiləşməsin, həmin qurumun, onun rəhbərliyinin nüfuzuna xələl gəlməsin. Ola bilsin ki, burada münasibətlərin pozulmasına yol verməmək istəyi də rol oynayır. Çünki bildiyiniz kimi, biz balaca ölkəyik, hamı bir-birini tanıyır, toy və yas mərasimlərində üz-üzə gəlir və s.

Təbii ki, bu məsələdə vətəndaşlar da aktiv olmalıdır. Məsələn, hüquq-mühafizə orqanına dəvət alan bir vətəndaş hesab edirsə ki, onun hüquqları pozulur, ona qarşı təzyiq və zorakılıq var, bu zaman Ombudsman Aparatının qaynar xəttinə zəng etməlidir. Ombudsman Aparatı təbliğat əsnasında insanlara başa salmalıdır ki, zorakılıq və təzyiqlə üzləşəndən sonra deyil, həmin an, yəni zorakılığa, kobudluğa məruz qaldığınızı hiss edən zaman bizimlə əlaqə yaradın, məlumat verin. Əgər belə qabaqlayıcı addımlar atılsa, o zaman problem böyük ölçüdə önlənmiş olar. Bizdə isə belə bir bəla var. Hazırlanma ərəfəsində olan cinayətin qarşısı alınmır. Cinayət törədiləndən sonra cinayətkarın tapılması və cəzalandırılması istiqamətində addımlar atılır. Halbuki, əsl peşəkarlıq hadisələri qabaqlamağı, cinayətin qarşısını almağı tələb edir. Doğrudur, savadlı olmaq əsas şərtlərdən biridir. Lakin uğur əldə etmək üçün peşəkar olmağa ehtiyac var. Mən cəzasçəkmə müəssisələrinə, təcridxanalara gedirəm. Bu vaxta qədər mənim qarşıma bir dəfə də olsun Ombudsman Aparatının əməkdaşı çıxmayıb. Gözləyirlər ki, hökmən kimsə müraciət etsin, yalnız bundan sonra həmin müəssisəyə gedib vəziyyətlə tanış olsunlar. Əslində isə istənilən vaxt ombudsmanlığın səlahiyyətli şəxsi təcridxanaya girə, şəraitlə tanış ola bilər. Bunları polis bölmələrində, cəzaçəkmə müəssisələrində, digər dövlət təşkilatlarında təkrarlasa, o zaman arzuedilməz hallar baş verməz”.

A.Məmmədovun qənaətincə, Ombudsman Aparatı aşkarlanan pozuntularla bağlı ictimaiyəti məlumatıandırmalı, media ilə yaxından işləməlidir:

“Ombudsmanlıq pozuntularla bağlı icimaiyyəti, medianı məlumatlandırmalıdır. Bu vaxta kimi görmüsünüzmü ki, Ombudsman Aparatı hansısa pozuntu ilə bağlı hansısa təşkilat rəhbəri və ya ölkə başçısını məlumatıandırır, onun məlumatı əsasında pozuntuya yol verən şəxs cəzalanır? Görməmisiniz. Halbuki, dünyanın ən qabaqcıl təşkilatlarında, müəssisələrində belə bu cür problemlər olur. Hər yerdə, hər sahədə problem və səhv olur. Insan səhv də edə bilər, işində müəyyən nöqsanlar da ola bilər. Önəmli olan odur ki, həmin nöqsan aradan qaldırılsın. Ombudsman Aparatı bir dəfə də olsun bu cür pozuntular, ona yol verən şxəslərin cəzalandırılması ilə bağlı məlumat yaymayıb. Əgər bu yöndə lazımi addımlar atsa, o zaman insan taleyi ilə məşğul olan qurumlarda – hərbi hissələrdə, istintaqda, əməliyyatda, prokurorluqda, məhkəmədə bu səpgili neqativ hallar olmaz.

Bu məsələlərin üzərində bir az işləmək. Bir az cəsarətli olmaz lazımdır. Problemin üstünə getmək lazımdır. Özümüzü aldatmaqla heç nəyə nail ola bilməyəcəyik. Qanunla Ombudsman Aparatı istintaq orqanına müdaxilə edə bilməz. Yəni istintaqın prosesual qərarlarına, onun aparılmasına maneçilik törədə bilməz. Lakin istintaqçının vətəndaşla münasibətindəki məqamlara müdaxilə edə bilər”.

Hüquqşünasın sözlərinə görə, bəzən ənq atı cinayətkarlarla belə insani davranış onu hər cür hədə-qorxu və kobud münasibətdən daha çox təsirləndirir:

“Ən qatı cinayətkara törətdiyi əmələ görə 20 il iş verilsə belə, bu onun vecinə olmayacaq. Lakin onunlıa insan kimi davranılırsa, ona mehriban münasibət göstərilirsə, o, hüquqları qoruya-qoruya məhkəmə qarşısına çıxarılırsa və 20 il cəza alırsa nə dövlətdən, nə kimsədən inciməz. Mən belə müstəntiqlər tanıyıram. Onlar ağır maddələrlə ittiham edilən şəxslərə siqaret lazım olanda siqaret təklif edir, çaya qonaq edir, hörmətlə davranır, mehriban şəkildə dindirir və s. Normal söhbət əsnasında istintaq hərəkəti də keçirir. Bu cür münasibət göstərilən şəxsə 10 il də iş veriləndə müstəntiqdən narazı qalmır, əksinə, göstərilən insani münasibətə görə ona, ailəsinə dua edir”.

A.Məmmədovun fikrincə, Ombudsman Aparatı idarə və təşkilatlarla da yaxından iş aparmalı, onları maarifləndirməlidir:

“Ombudsman bütün dövlət təşkilatlarıına məktub göndərməli, bu təşkilatlar, onların rəhbərliyi və əmədkaşları ilə görüşlər keçirməlidir. Onlarla qeyd etdiyim formada təbliğat işi aparmalıdır. Yəni qabaqlayıcı addımlar atmalıdır. Biz isə adətən hadisənin baş verməsini gözləyir və yalnız bundan sonra hansısa addımlar atırıq. Biz bir qədər emosional, dözümsüz insanlarıq. Məmurlar bəzən ən yüngül tənqid və ya təhqirə çox sərt reaksiya verir. Insanlara başa salmaq lazımdır ki, onlar xidmətdədirlərsə, vəzifə başındadırlarsa onları ən ağır söyüşlərlə təhqir edəndə belə təmkinli davranmalıdırlar. Kimsə bunu qəbul etmirsə, bunu bacarmırsa ərizəsini yazıb işdən ayrılmalıdır. Bu cür problemlər adətən vətəndaşlarla birbaşa işləyən təşkilatlarda, dövlət qurumlarında olur. Və bu kimi hallara dünyanın hər yerində rast gəlinir. Hüquq-mühafizə orqanının əməkdaşları daim insanlarla birbaşa ünsiyyətdə olduqları, bu kimi hallarla daha çox qarşılaşdıqları üçün davamlı olaraq onlarla söhbətlər aparılmalıdır. Onlara səbr və təmkin aşılanmalıdır. Rəhbər şəxslərə də başa salmaq lazımdır ki, işə qəbul zamanı da bu meyara diqqət yetirməli, səbrili, təmkinli şəxsləri işə götürməlidirlər. Hesab edirəm ki, daha effektiv fəaliyyət üçün bütün bu tədbirlərin görülməsi vacibdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.