OPEC-in qərarı nefti 1 dollardan çox bahalaşdırıb

Bu gün, 00:17           
OPEC-in qərarı nefti 1 dollardan çox bahalaşdırıb
"OPEC plyus"un səkkiz üzv ölkəsi bazar günü, noyabrın 3-də könüllü olaraq hasilatın azaldılmasını daha bir ay uzadacaqlarını elan edib.
Bu gün dünya bazarlarında neft qiymətlərində artım müşahidə edilir. "OPEC plyus"un hasilatı artırmaq planlarını bir ay gecikdirmək qərarı ilə neft 1 dollardan çox bahalaşıb.
"Brent" 1,61% bahalaşaraq 74,28 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 1,74% artaraq 70,70 dollar olub.
"OPEC plyus"un səkkiz üzv ölkəsi bazar günü, noyabrın 3-də könüllü olaraq hasilatın azaldılmasını daha bir ay uzadacaqlarını elan edib. Onlar neft qiymətlərinin aşağı düşməsi tendensiyasına cavab olaraq bildiriblər ki, dekabrın sonuna qədər bu ixtisarlar davam edəcək. Qruplaşma dekabr ayından hasilatı 180 min barel artırmalı idi.
"OPEC plyus"a Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri daxildir. Bu ixtisarlarda iştirak edən səkkiz ölkə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omandır.
OPEC-in bəyanatında bu ölkələrin 2023-cü ilin noyabrında gündəlik 2,2 milyon barel könüllü hasilat düzəlişlərini bir ay müddətinə - 2024-cü ilin dekabr ayının sonuna qədər uzatmaq barədə razılığa gəldikləri bildirilib. Səkkiz ölkə, həmçinin 2025-ci ilin sentyabrına qədər hər hansı artıq hasilatı kompensasiya etmək öhdəliyini təkrarlayıb.
Xam neftə qlobal tələbin azalması ilə bağlı narahatlıqlar fonunda son həftələrdə "qara qızıl"ın qiymətləri aşağıya doğru tendensiya nümayiş etdirib.
Xatırladaq ki, ötən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti təxminən 1 dollar, yaxud 1,3% artaraq 74,8 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.