Faciəli şəkildə ölən kamerunluların meyitləri hələ də Bakıdadır – 27 gün keçib

30-01-2017, 00:35           

Bakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunludan 4-nün cəsədi hələ də ölkələrinə göndərilməyib. Onlardan yalnız birinin valideyni Bakıya gələrək övladının nəşini Kameruna apara bilib.
Yanvarın 2-də dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Meyitlərin Bakıda qalma səbəbi isə ailələrin maddi imkansızlığıdır. Musavat.com-a daxil olan məlumatda qeyd edilir ki, Kamerundan olan 4 nəfərin ailəsi maddi imkansızlıqdan Bakıya gələ bilmir. Onlardan Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilib.
Bildirək ki, hadisə bu il yanvarın 2-də Yasamal rayonunda baş vermişdi. Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü həvəskar futbolçu imiş. Digər 1 nəfər isə Texniki Universitetin tələbəsi olub.
5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra tapılmışdı. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb və o, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib.
Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum və Texniki Universitetin tələbəsi Nzemele Ezzambe olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.