`Elnura toy etməyə hazırlaşırdıq` - Girovun atası
2-02-2017, 20:49

“Oğlum yanvar ayının 28-də hərbi xidmətdən tərxis olunub. Bizim bundan xəbərimiz olmayıb”
Bunu AzVision.az-a cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılan Elnur Hüseynzadənin atası Elman Hüseynzadə deyib.
“Gecə saat 4-də hərbi hissədən mənə zəng gəldi. Dedilər ki, Elnur ermənilərə girov düşüb. Daha sonra bizə bildirdilər ki, oğlum ayın 28-dən ordudan tərxis olunub. Elnurun nöqsana yol verdiyinə görə, xidmətdən kənarlaşdırıldığını dedilər. Bilmirəm səhvi nə olub, nə edib, heç açıqlamadılar da. Oğlum maaşını yığırdı ki, məni müalicə etdirsin. Bu ay əməliyyat olunmalıyam”- Elnurun atası vurğulayıb.
E.Hüseynzadə üç gün öncə oğlunun hərbi hissədən evə gəldiyini deyib: “Elnur üç gün əvvək işlədiyi yerdən evə gəlmişdi. Yeməy yeyib, dincəldi. Sonra işə getdiyini deyib evdən çıxdı. Oğlumun 22 yaşı var. Onun necə girov düşdüyünü bilmirəm. Bu haqda məlumat ala bilmirəm. Deyirlər, bu işdə ciddi məşğul oluruq. Biz ona toy etməyə hazırlaşırdıq, axırda belə oldu”.
Xatırladaq ki, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası vətəndaş Elnur Hüseynzadə ilə bağlı araşdırma aparıldığını bəyan edib. Bildirilib ki, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.