"Doğmalarımızı dəfn edə bilmirdik, ancaq indi..." - VİDEO
6-02-2017, 19:48
Ağdamın təmas xəttinə yaxın yerləşən Mirəşelli kəndinin sakinləri doğmalarının qəbirlərini artıq daha təhlükəsiz şəkildə ziyarət edə biləcəklər.
ARB TV xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər daha qəbiristanlığa ziyarətə gələnlərə mane olmayacaq.
Mirəşelli kəndinin qəbiristanlığı qoşunların təmas xəttinin 100-150 metrliyində yerləşir. Bu vaxta qədər məzarlıq Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Baş Qərvənd kəndinin ərazisindən tez-tez atəşə tutulurdu. Bunun qarşısını almaq üçün Mirəşelli kəndinin ərazisində mühəndis-istehkam mühafizə qurğusu inşa edilib. Artıq sakinlər dəfn mərasimlərində təhlükəsiz iştirak edəcək, doğmalarının məzarlarını rahatlıqla ziyarət edəcəklər.
Siyavuş Şükürov - Kənd Sakini: "Nəinki ziyarət etmək biz hətta doğmalarımızı dəfn belə edə bilmirdik. Artıq görürsünüz ki, qəbirsanlığın hər bir küncünə ziyarət edə bilirik. Qohumlarım var, onlar öz atalarını ziyarət edə bilmirlər".
Kənd sakinləri bu günə qədər məzarlığa gəlməyə ehtiyat edirdilər. Burda düşmən gülləsinə tuş gələnlər də olub. Düşmən atəşi ilə yararsız hala düşən məzar daşlarının da yeniləri ilə əvəz olunacağı deyilir.