SOCAR vahid geyim forması ilə bağlı açıqlama yaydı
13-08-2015, 21:39
"Avqustun 1-dən SOCAR-da “Korporativ geyim forması standartı”nın tətbiqinə başlanılıb. Söhbət SOCAR-ın baş ofisində və şirkətin struktur bölmələrinin idarəetmə aparatlarında çalışan əməkdaşların geyim qaydalarından gedir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev deyib.
Onun sözlərinə görə, geyim qaydalarının (dress-kod) müəyyən edilməsi müasir dövrdə şirkətlərin korporativ mədəniyyətinin mühüm tərkib hissəsidir:
"Aydın məsələdir ki, hər həyat tərzinin özünə uyğun geyim forması olur. İnsan gəzintiyə çıxanda bir cür, toya, qonaqlığa gedəndə başqa cür, teatrda, kinoda bir, konfrans və seminarlarda isə tamam başqa şəkildə geyinməlidir. İş şəraitinə, korporativ qaydalara uyğun olaraq şirkətlərdə də idarəetmə aparatının əməkdaşları üçün iş geyimi forması bu baxımdan tətbiq olunur. İş yerində şərait də, interyer də, bir sözlə hər şey işgüzar atmosferin yaradılmasına xidmət etməlidir. BP, "Total", "Statoil", SAP, "LUKoil", "Qazprom" kimi şirkətlərdə də korporativ geyim standartları çoxdan qüvvədədir və onu da deyim ki, onların qaydaları bizimkindən çox-çox sərtdir”.
N.Quliyev avqustun 1-dən qüvvəyə minmiş standartın tətbiqi ilə əlaqədar SOCAR-ın bəzi idarə və müəssisələrində sualların, bəzi əməkdaşlarda isə yanlış təsəvvürlərin yarandığını bildirərək, bu məsələlərə aydınlıq gətirib: “Təəssüf ki, bəziləri müvafiq əmrin müddəalarını düzgün şərh edə bilmirlər. Yeni standartın uniforma (işçi geyimi) geyinən əməkdaşlara aidiyyəti yoxdur. Yəni bu qaydalar istehsalat sahələrində, sexlərdə, dəniz özüllərində, inzibati binalardan kənarda işləyən əməkdaşlara, yaxud istehsalat məsələləri ilə bağlı ezamiyyətdə olanlara aid deyil. Yalnız baş ofisdə, strukturların idarəetmə aparatlarında çalışan, yaxud oraya dəvət edilən (göndərilən) işçilərə tətbiq edilir".
SOCAR rəsmisi deyib ki, zavodlarda, neft-qazçıxarma idarələrində və digər idarələrdə işləyənlər əvvəlki uniformalarını geyinəcəklər: "Zavodlarda, neft-qazçıxarma idarələrində, mədənlərdə, özüllərdə işləyənlər isə yenə də əvvəlki kimi uniforma geyinəcəklər. Uniforma istehsalat sahələrində təhlükəsizlik sisteminin mühüm elementidir və istehsalatda çalışan hər bir işçinin iş vaxtında uniforma geyməsi vacib şərt olaraq qalır. Bunları qarışdırmaq lazım deyil. SOCAR-ın geyim standartı bilavasitə istehsalatda çalışmayan idarəetmə aparatının işçiləri üçün nəzərdə tutulub”.
N.Quliyev standartla və ona əlavə edilən təsvirlərlə tanış olan istənilən şəxsin orada işçilərə hər hansı bir qeyri-adi tələb qoyulmadığını görə biləcəyini açıqlayıb:
“Normal, mədəni geyim tərzinə malik hər bir şəxs üçün adi qaydalardır. Qeyri-adi heç nə yoxdur. Baş ofisin və idarə, müəssisələrin idarəetmə aparatlarının işçiləri rəsmi yerlərdə çalışdıqlarını bilirlər və geyimlərinə diqqət yetirməlidirlər. SOCAR bu gün beynəlxalq miqyasda nüfuz və etimad qazanmış bir dövlət şirkətidir və onlar da bir məmur olaraq işə SOCAR-ın korporativ geyim qaydalarına uyğun geyinib gəlməlidirlər. İş yeri yeni dəbli paltarların nümayiş etdirilməsi üçün deyil, işləmək üçündür. Burada hər şey normal iş şəraitinə uyğunlaşmalıdır. Toy, ziyafət paltarlarını qoy toyda, ziyafətdə sağlıqla geyinsinlər. Zər-zibalı, al-əlvan, parıltılı libaslarını işdən sonra geyinib gəzsinlər. Kim nə deyə bilər ki? İşə bu cür gəlmək isə nəinki korporativ, heç etik baxımdan da düzgün deyil. Dress-kod hamımızın bildiyi və çoxlarımızın əməl etdiyi adi geyim qaydalarının rəsmiləşdirilməsidir. İndiyədək SOCAR-ın onlarla standartı uğurla tətbiq olunub. Əminəm ki, korporativ geyim forması standartına da layiqincə əməl olunacaq”.