Zərdabda Baba Babayevin vəzifəsi inspektora həvalə edilib
9-10-2015, 11:21
Zərdab təhsil şöbəsinin müdiri Baba Babayev işdən çıxması barədə ərizə yazıb. Daha doğrusu, rayonun icra başçısı onu işdən çıxmağa məcbur edib. Bu barədə JAM.AZ-a rayondakı mənbələr məlumat veriblər.
Mənbənin bildirdiyinə görə, dünən ərizəsi alınan şöbə müdirinin vəzifəsinin icrası inspektor Rafiqə həvalə olunub. İddiaya görə, icra başçısı Lütfəli Babayev rayon Təhsil Şöbəsinin müdiri postunu çoxdan başqasına vermək fikrində olub. Son dövrlər isə Baba Babayevlə aralarında münasibətlərin kəskinləşməsi də bununla əlaqəli imiş.
JAM.AZ-a verilən məlumatda o da qeyd olunur ki, Lütfəli Babayev Baba Babayevin yerinə öz müavini Lalə Əmirəliyevanı gətirmək fikrindədir. Amma Lalə Əmirəliyevanın nüfuzu rayonda xeyli aşağı olduğundan, alternativlər də hazırlanıb. Həmin laternativlərdən biri Vüsalə xanımdır ki, icra başmısı əvvəlcə onun 1 saylı orta məktəbə direktor, oradan da təhsil şöbəsinin müdiri təyin edə bilər.
Bildirək ki, hələ bir neçə gün əvvəl Lalə Əmirəliyeva ilə Baba Babayev arasında qalmaqal yaşanmışdı. Belə ki, Zərdabın icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva sentyabrın 23-də bütün məktəb direktorlarını toplayaraq, seçki ilə bağlı tapşırıqlar verməliymiş. Həmin gün Zərdab təhsil şöbəsinin müdiri Baba Babayev özünü yaxşı hiss etmədiyindən iclasa qatıla bilməyib.
JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, yeni müavin təyin edilən Lalə Əmirəliyeva onun səhhətinin dürümünü nəzərə almayaraq, Baba müəllimdən iclasa qatılmasını tələb edib. Hətta müavin bir qədər də irəli gedərək “Sənə kim olduğumu göstərəcəm” deyə şöbə müdirinin hədələyib. Üstəlik, polis və prokurora tapşırıq verib ki, Baba Babayevi sürünməli də olsa onun yanına gətirsinlər. Elə mərəkə də bundan sonra qopub.
Məlumatda deyilir ki, qısa müdəətdə Zərdab Təhsil Şöbəsinin qarşısı polis işçiləri ilə dolub. Baba Babayevi aparmaq üçün gələn polislər isə tez bir zamanda əraziyə Təcili Tibbi Yardım çağırmalı olublar. JAM.AZ-a verilən məlumatda deyilir ki, buna səbəb şöbə müdirinin vəziyyətinin daha da pisləşməsi olub. Şəkəri qalxan Babayevi həkimlərin səyi nəticəsində özünə gətirə biliblər. Və ardından evə götürülüb.
Qeyd edilir ki, Baba Babayev polis orqanlarının yanında rəsmi olaraq bəyan edib ki, əgər başına bir iş gələrsə, məsuliyyətini Lalə Əmirəliyeva daşıyacaq.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.