AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda QALMAQAL - Belə deyirlər...
13-04-2019, 18:10
Aldığımız məlumata görə, bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda qalmaqal yaşanıb
Dünən Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasında şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasova şiddətli hücumlar olub. Buna “Dilçilik Ensiklopediyası”nın tərtibçilərinin məlum plagiat haqqında mediada işıqlandırdığı bəyanatı onun öz feysbuk səhifəsində yayması səbəb olub. Prof. İ.Abbasov “institutun maraqlarını nəzərə almamaqda və sirlərini yaymaqda” ittiham edilir.
İnstitutun direktoru Möhsün Nağısoylu, Terminologiya şöbəsinin müdiri və sözügedən “İzahlı Dilçilik Terminləri Lüğəti”nin əsas “müəllifi” Sayalı Sadıqova, Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva İ.Abbasovu “zərərli fəaliyyət göstərməkdə” təqsirləndiriblər.
Prof. İ.Abbasov isə öz həmkarlarını biabırçı plagiat faktını gizlətmək əvəzinə, prinsipial elmi mövqedə dayanmağa çağırıb. O, diqqəti ölkə rəhbərinin elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncama yönəldib.
Redaksiyamız mövcud faktla bağlı institut rəhbərliyindən cavab ala bilmədi.
İ.Abbasov baş vermiş insident haqqında heçnə danışmaq istəmədiyini bildirdi, lakin elmi ictimaiyyətin aldadılmasının doğru olmadığını, elmi müəssisə daxilində qeyri-elmi əsərlərə “elmi” damğasının vurulub dövlət vəsaitinin mənimsənilməsini, dövlətin hazırkı elm siyasətinə zərbə vurmaq meyllərini və baş verən digər neqativ hərəkətləri ölkədəki islahatların reallığına şübhə yaratmaq cəhdi kimi qiymətləndirdiyini vurğuladı.
Hətta, məsələyə obyektiv münasibət bildirdikləri üçün sözügedən institutun “Nəzəri dilçilik” şöbəsinin bəzi əməkdaşlarına təzyiq olunmağa başlanılıb.
Mövzuya qayıdacayıq.
Hurriyyet.org