ABŞ məhkəməsi: Google parçalanmayacaq, amma bəzi məlumatları rəqiblərlə bölüşməlidir
Bu gün, 17:17
Google bundan sonra bəzi axtarış sistemi məlumatlarını rəqib şirkətlərlə paylaşmalıdır. Bu qərarı internet nəhənginə qarşı monopoliya işi üzrə ABŞ məhkəməsi qəbul edib. Məlumatların paylaşılması rəqib axtarış sistemi operatorlarına öz məhsullarını inkişaf etdirməkdə kömək etməlidir. Google açıqlamasında bildirib ki, istifadəçilərin məxfiliyinin pozula biləcəyindən narahatdır. Şirkət qərarın tələblərini diqqətlə nəzərdən keçirəcəyini deyib. Məhkəmə hökmünə görə, şirkət ABŞ hökumətinin tələb etdiyi kimi nə Chrome brauzerini, nə də mobil əməliyyat sistemi Android-i satmaq məcburiyyətində deyil. Google-un axtarış sistemi bundan sonra da smartfonlarda əvvəlcədən quraşdırılmış olaraq qala bilər. Təxminən bir il əvvəl məhkəmə artıq qərar vermişdi ki, Google internet axtarışında monopoliyaya sahibdir və bunu rəqiblərə qarşı ədalətsiz vasitələrlə müdafiə edir. İndiki proses isə həmin hökmün nəticələri ilə bağlı idi. Google-a qarşı tədbirlər keçmiş ABŞ prezidenti Baydenin hökuməti dövründə başlanmışdı. Tramp hökuməti isə, bir çox digər məsələlərdə fərqli mövqe tutmasına baxmayaraq, bu kursu davam etdirir. Sarvan Səmədoğlu TEREF