KİV-LƏR ARASINDA QUMARXANALARA “KRIŞALIQ” MÜBARİZƏSİ – DƏNGƏLƏR DƏYİŞİR…
18-03-2016, 01:34
Son günlər bəzi elektron media resurslarında Bakı və Sumqayıtda gizli fəaliyyət göstərən qumarxanalarla bağlı yazıların dərci intensiv hal alıb. İlk baxışdan buna təbii yanaşmaq olar. Çünki Azərbaycanda fəaliyyəti qanunla qadağan olunan kazinolarla bağlı həqiqətləri ictimaiyyətə və əlaqədar qurumların diqqətinə çatdırmaq birbaşa medianın vəzifəsinə aiddir. Biz də hesab edirik ki, həmin fəaliyyət mütləq şəkildə qadağan edilməlidir. Qanunsuz qumarxanalarda dövr edən astronomik pul həcminin heç bir vergi ödənilmədən şəxsi adamların cibinə axdığını nəzərə alsaq, onda dövlət büdcəsinə vurulan ziyanın həcmini də təxmin edərik. Digər tərəfdən isə, bu fəaliyyətin geniş təşəkkül tapması həm də ölkədən valyuta axınına şərait yaradır.
Əksər qumarxana resurslarını idarə edən serverlərin Azərbaycan hüdudlarından kənarda olmasını nəzərə alsaq, onda ölkədən hansı həcmdə pul kütləsinin kənara çıxarıldığı barədə aydın təsəvvür yaranar. O da danılmaz faktdır ki, həmin qumarxanalrın fəaliyyətinə bəzi işbazlar tərəfindən şərait yaradılır. Sistemli şəkildə işini quran qumar mafiyası barədə əvvəllər mediada olduqca az məlumat vardı. Bu səbəbdən də qanunsuz qumar fəaliyyəti barədə yazılara az-az rast gəlinirdi.
Kazinoların sferası genişləndikcə bu bəzi “diribaş” media mənsublarının və KİV-lərin diqqətini cəlb etməyə başladı. Bir müddət sonra isə , aydın oldu ki, sən demə, həmin sahəyə media nəzarətini bəzi jurnalistlər öz üzərinə götürüb. Prosesin necə başlanması barədə də bizdə dəqiq məlumatlar var. Qumrxana krallarından biri görür ki, onun rəqibi barədə mediada dərc edilən yazı ikinciyə əməlli başlı problem yaradıb. Bundan sonra həmin qumarbaz bazardan öz rəqiblərini sıxışdırmaq üçün mediada sifarişli yazılar yazdırmağa başlayıb. Yalnız bundan sonra onun qarşısındakı maneələr əriməyə başlayıb. Sonra bütün qumar aləmi vahid mərkəzdən kurasiya edilən həmin KİV toplumu ilə hesablaşmağa başlayıb. Bizdə bununla bağlı dəqiq məlumatlar var. Problemin bir qədər dərin mahiyyət daşıdığını nəzərə aldığımız üçün, bəzi qumarbazlar və onlara himayədarlıq edən jurnalistlərin adı səviyyəsinə enmək istəmirik.
Qumarxanaların sayı genişləndikcə, proses qumar aləmi ilə separat razılaşmada olmayan KİV-lərin də diqqətini cəlb etməyə başlayır. Qumarxanalar barədə konkret faktlara əsaslanaraq dərc edilən hər bir yazı işbazları problemə saldığı üçün, onların mətbuatdakı dostları məsələni sakitliklə yoluna qoymağı öz üzərinə götürürdü. Həmkarlar bir-birini tez anladığı üçün, problem asanlıqla həllini tapırdı.
Kazino işlədənlərlə bəzi jurnalistlərin ciddi iş birliyində olduğunu hiss edən və ortada yaxşı məbləğdə pulun dövr etdiyini görən mətbuatdakı digər şəbəkə artıq onlara təklif olunan qəpik-quruşla razılaşmamağa başlayır. Nəticədə mediada karusel üsulundan istifadə olunmaqla qumarxana bosları və onları işlətdikləri obyektlər haqda çeşidli məlumatlar tirajlanır. Karusel üsulunun mahiyyəti ondan ibarətdir ki, əvvəlcədən işbirliyi barədə razılaşan bir neçə saytın hər dəfə biri bu səpkidə material dərc edir, digərləri isə onu tirajlayır. İlk baxışdan elə görünə bilər ki, medianın qumar aləminə yaratdığı problem bizi narahat edir. Əsla! Biz sadəcə, məsələnin mhiyyətini açmaq istəyirik ki, ayıq oxucular bilsin ki, qumarxanalar barədə KİV-lərdə materialların intensivləşməsi heç də qumarxanaların qapadılması niyyətindən irəli gəlmir.
Dava qumar aləminə media “krışalığını” bir qrupdan alıb öz əllərində cəmləşdirmək üstədir. Əldə etdiyimiz məlumata görə, ikincilər öz istəklərinə çatmağa yaxındırlar. Artıq sistemli şəkildə aparılan iş öz bəhrəsini verir. Hər dəfə bir neçə saytda işlədikləri qumarxanaların şəkillərini görən və bunun nəticəsində başları ciddi qalmaqal çəkən kazino şeflərinə birinci qrupun təklif etdiyi mətbu “krışalıq ” sərf etməməyə başlayıb və onlardan bəziləri özlərinə yeni qoruyucu axtarışına çıxıblar. Bir sözlə, mediada qumarxanalar barədə gedən tənqidi materialların çoxu korporativ maraqların təmin olunması üçün hesablanıb. Son vaxtlar həmin mövzu ətrafında təqdim edilən yazılar ətrafında manitorinqin aparılması kifayətdir ki, bunu aydın sezəsən.
Əgər media bu yazılarında və problemin aradan aldırılmasında səmimidirsə, niyə bir dəfə bir qumar kralının adını hallandırır, növbəti yazıda isə həmin adamlrdan bəzisinin adı siyahıdan çıxarılır. Demək ki, məslənin dərin mahiyyətində qumarxanaların ləğvi deyil, onlardan daha yaxşı bəhrələnmək durur.
Mövzuya daha konkret faktları təqdim etməklə davam edəcəyik…
AZİNFORUM.AZ