Nizaminin başçısı o kreslonu “yığışdırdı” – Fotofakt
18-03-2016, 21:47
Paytaxtın Nizami rayon icra başçısının məlum fotosu rəsmi saytdan yığışdırılıb.
VİZUAL.az-ın məlumatına görə, Nizami İcra Hakimiyyətinin rəsmi internet səhifəsində Arif Qasımovun maraqlı fotosu yerləşdirilmişdi və bu məsələ mətbuatın böyük marağına səbəb olnmuşdu.
İH başçısının kabinetində oturduğu kreslonun böyüklüyü və əzəməti istər-istəməz gözə çarpırdı. İxtisasca hüquqşünas olan və vəzifə mərtəbələrini pillə-pillə çıxan Arif Qasımovun belə əzəmətli kresloya həvəsi hər halda təsadüf ola bilməz.
Ötən il Rusiya saytlarının dövlət başçılarınınn iş otaqları haqda yaydığı xəbərdə Azərbaycan prezidenti İlham Əliyevin kabineti də daxil bir çox ölkə rəhbərlərinin kabinetlərinin fotosuna yer verilmişdi. Lakin heç bir prezidentin, baş nazirin kreslosu Arif Qasımovun kreslosundan daha əzəmətli deyildi. Bu fotonu yayılmasından sonra rayon icra başçısı rəsmi saytdan həmin şəkli yığışdırıb və yenisi əlavə olunub.
Onu da deyək ki, icra başçısı vəzifə alverində adının çəkilməsi ilə yenidən gündəmə gəlib. Arif Qasımov "Gülərqeyt” əməliyyatına oxşar hadisədə iştirakçı olub. Siyəzənə rəhbərlik etdiyi dövrdə ona Rusiyadan gələn iş adamı Ramazan Səlimovun müavini olması təklif edilib.
Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd edir. İş adamı istintaq ifadəsində deyib ki, bu işdə Arif Qasımov da iştirak edib.
Həsən Əliyev Ramazan Səlimovu öz "Range Rover”i ilə Siyəzənə apararaq bu rayonun icra başçısı Arif Qasımovla görüşdürüb. Həmin görüşdə Ramazan Səlimovun RİH başçısının birinci müavini postuna təyinatı məsələsi müzakirə olunub. Arif Qasımov bildirib ki, məsələni öyrənib bir neçə gündən sonra cavab deyəcək. İki gündən sonra cavab gəlib ki, birinci müavin yerli sakin olmalıdır. Ona görə də Ramazan Səlimova rayonda peşə məktəbinin direktoru vəzifəsini təklif edib, lakin o, razılaşmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.