Deputat Ağalar Vəliyevin başı dərddə
19-04-2016, 13:06
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin rəhbəri olduğu "Azəraqrartikinti" ASC-nin rəhbərliyindən kənarlaşdırıla bilər. Bu barədə Qaynarinfo.az-a məlumatlı mənbələrdən bildirilib.
Məlumatda qeyd olunur ki, adıçəkilən səhmdar cəmiyyətdə ciddi korrupsiya şübhələrinin varlığı belə addımın atılmasını zəruri edib: “Əslində Ağalar Vəliyevin işləri son bir ildə qaydasında getmir. Əvvəlcə o, son parlament seçkisinədək deputatı olduğu Bakının ən iri rayonu Qaradağdan əyalətə göndərildi. Ardınca Vəliyevin “Azəryolservis” ASC-nin rəhbəri olmaq istədiyi yönündə məlumatlar yayıldı. Amma onun bu səyləri də boşa çıxdı”.
Son bir neçə ayda isə "Azəraqrartikinti" ASC-də misli görünməmiş korrupsiya faktlarına dair məlumatlar intensivləşib. ASC-nin dövlətdən aldığı və ümumi dəyəri yüz milyonlarla manatı nə qədər şəffaf, təyinatı üzrə xərclədiyinə dair ciddi şübhələr var. Çünki deputatın rəhbəri olduğu şirkətlərin hesabatları ictimaiyyətə qapalıdır və açıqlanmır. “Bundan başqa, bir neçə ay əvvəl məlum oldu ki, "Azəraqrartikinti" ASC-nin eyni zamanda qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93 ünvanda daha iki şirkət də qeydiyyatdadı. Bunlardan biri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin adına qeydiyyatdan keçmiş "PZ Servis" MMC, ikincisi, qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunmuş "Azital İnşaat" MMC-dir. Bu faktın özü də kifayət qədər ilgincdir və müəyyən müəmmalara yol açır”.
Bütün bunların fonunda A.Vəliyevin "Azəraqrartikinti" rəhbərliyindən uzaqlaşdırılması, yaxud bu ASC-yə dövlət sifarişlərinin verilməsinin dayandırılması kifayət qədər gözləniləndir. Onu da qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, vəzifəli şəxslərin, o cümlədən millət vəkillərinin bizneslə, başqa ödənişli fəaliyyətlə məşğul olması yasaqdır. Amma təəssüf ki, yerli reallığımızda buna demək olar, əhəmiyyət verilmir.