Xəzərin sahilləri oliqarxlara verilib?
19-04-2016, 23:49
Azərbaycanda bəzi sadəlövh vətəndaşlar inanırlar ki, icra hakimiyyəti orqanları Xəzər sahillərinin qanunsuz zəbt olunmasına qarşı bütün gücü ilə mübarizə aparır. Vətəndaşların bu inamını bəzi KİV-lər də dəstəkləyir və bəyan edirlər ki, oliqarxların zəbt etdiyi sahil əraziləri vətəndaşlara qaytarılacaq.
Ötən ilin dekabr ayında Haqqin.az saytı “Yeni Müsavat” qəzetinə istinadən xəbər vermişdi ki, Xəzər dənizi sahilləri boyu çoxkilometrlik çəpərlərin sökülməsinə başlanılıb. “Belə ki, ötən həftə Novxanı-Sumqayıt trassı boyu sahilyanı çəpərlər sökülüb. Trassa yaxın olan, Corat qəsəbəsi sahillərində nəqliyyata çətinlik yaradan çəpərlər sökülür. Beləliklə, sahilin qanunsuz olaraq çəkilmiş çəpərlərdən təmizlənməsi kampaniyasına start verilib”, – deyə haqqin.az xəbər vermişdi.
Lakin Corat qəsəbəsinin bələdiyyə sədrinin müavini Elçin müəllim (soyadını bizə bildirmədi – red.) haqqin.az-da dərc olunan məlumatı təkzib edib. “1997-ci ildə Corat qəsəbəsi ərazisində “Xəzər” səhmdar cəmiyyəti Coratda sahilyanı ərazinin yarısını icarəyə götürüb. Bütün torpaq çəpərlənmişdi. Bu ərazidə “Xəzər” səhmdar cəmiyyəti çoxsaylı istirahət mərkəzləri tikmişdi. Amma bu çəpərlərə heç kim toxunmur”, – deyə bələdiyyə sədrinin müavini bildirib (kavkaznews.az).
Ötən ilin dekabr ayında Milli Məclisə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər barədə təklif irəli sürülüb. Bu dəyişikliklərə görə, Azərbaycanda Xəzəryanı ərazilərə girişi qanunsuz məhdudlaşdırmağa görə cərimələr qaldırılacaq. “Torpaq sahələrinin icra hakimiyyətindən icazə olmadan çəpərlənməsi və ya Layihəyə əsasən Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərinin pozulmasına görə, cərimələr müəyyənləşib. Həmin torpaq sahələrinin müvafiq İcra Hakimiyyəti orqanın icazə olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüququ şəxslər 35 min manat miqdarında cərimə edilir. Bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanın qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin və məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir (APA). Kavkaznews.az öyrənmək istədi ki, bu qanunun qəbulu Xəzəryanı ərazilərdə vəziyyətə necə təsir edib? Sahilyanı ərazilər nəhayət çəpərlərdən azad olunubmu, yoxsa bəzi KİV-lərin dediyi kimi, qanunsuz obyekt və çəpərlər sökülürmü?
“Coratda “Xəzər” şirkəti sahilyanı əraziləri öz nəzarətində saxlayır. Və görünür ki, heç kim bu şirkətin tikdiyi çəpərləri sökmək istəmir”, – deyə bizə Corat bələdiyyəsindən bildiriblər. “Biz sahilyanı ərazilərin Binəqədi rayonuna aid hissəsində bütün qanunsuz tikililəri sökürük”, – deyə kavkaznews.az saytına Binəqədi rayon bələdiyyəsinin sədr müavini Sabir Həsənov bildirib. O qeyd edib ki, bələdiyyədə xüsusi nəzarətçilər var və onlar sahilyanı ərazilərdə tikinti aparanların sənədlərini yoxlayırlar. “Sahilyanında neçə qanunsuz tikili sökülüb?”, – deyə soruşduq. “Mən dəqiq faktlar barədə məlumatları xatırlamıram” – deyə S.Həsənov bildirib. “Siz axı özünüz dediniz ki, qanunsuz çəpər və obyektləri sökürsünüz”, – deyə jurnalist qeyd edib. Lakin Sabir Həsənov bu qeydimizi şərhsiz buraxdı.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az