Təhsil Nazirliyi Müşfiq Atakişiyevə xəbərdarlıq edib
26-04-2016, 11:50
Müşfiq Atakişiyev tələbələrdən təhsil haqqını dollarla ödəməyi tələb edirmiş
Bir müddət əvvəl Təhsil Nazirliyinin elm və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Nərgiz Qaraxanova media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı bildirmişdi ki, iki özəl ali təhsil müəssisəsində tələbələrdən təhsil haqqını xarici valyuta ilə ödəmək olunub. Nərgiz Qaraxanovanın sözlərinə görə, Təhsil Nazirliyi məsələyə müdaxilə etdikdən sonra problem həllini tapıb. Nazirlik həmin ali məktəblərə xəbərdarlıq edib. Lakin qurumun rəsmisi həmin ali məktəblərin adlarını açıqlamayıb.
“Azadlıq”a daxil olan məlumata görə, həmin ali məktəblərdən biri Təfəkkür Universiteti olub. Adıçəkilən universitetin rektoru Müşfiq Atakişiyev tələbələrdən təhsil haqqını dollarla ödəməyi tələb edirmiş. Bu məsələyə görə Təhsil Nazirliyində ona ciddi irad bildirilib.
Son vaxtlar Müşfiq Atakişiyevin qanunsuz əməlləri barədə mediada çoxsaylı faktlar yer alıb. Elə bir neçə gün əvvəl məlumat yayılmışdı ki, Müşfiq Atakişiyevlə Təfəkkür Universitetinin Dərbənd filialında təhsil alan tələbələrin valideynləri arasında qalmaqal baş verib. Qalmaqala səbəb Dərbənd filialında təhsil alan və bu yay Bakıya köçürülməsi razılaşdırılmış tələbələrin bu işə görə istənilən pulun məbləğində ciddi dəyişikliyin yaranması olub. Müşfiq Atakişiyev əvvəlcə 12 min manata razılaşdırığı prosesin qiymətini devalivasiyanı bəhanə edərək, 18 min manata qaldırıb. Əgər tələbə bir il Təfəkkür Universitində, daha sonra isə başqa bir təhsil ocağında oxumaq istəyərsə, o zaman bu rəqəm 5 dəfəyə qədər bahalaşa bilər. Məsələn, BDU-nun hüquq fakultəsinə “perevod” 100 min manata yaxındır. Və ya Iqtisad Universitetinə keçmək istəyən tələbənin valideyni bunun üçün ən azı 50 min manatından keçməlidir.
Valideynlər isə rektorla əvvəlcədən hansı qiymətə razılaşıblarsa, həmin məbləğin üzərində dayanırlar. Onlar tələb edirlər ki, vaxtından əvvəl alınmış pullarının müqabilində iş görülsün.
Məlumatda vurğulanır ki, aralarındakı anlaşmanın pozulması səbəbindən valideynlər Təfəkkür Universitetinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar. Bundan başqa, onlar Müşfiq Atakişiyevlə bağlı məhkəməyə müraciət edərək, pullarını geri tələb etməyi də düşünürlər.