Həsənov qardaşlarının İlham Əliyevə xəyanəti - ŞOK ...

2-05-2016, 01:16           

MTN Kərəm Həsənov erasını necə bitirdi?Oktyabrın 17-dən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədrinin qara günləri başlayıb, Mahmudov şəbəkəsinin de-şifrə olunması komitə sədrini bəlaya salıb; mediada yazılanlardan həyəcanlanan Həsənovlar haqda dəhşətli faktlar...

Ötən il, oktyabrın 17-dən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun bəlalı günləri başlanıb. Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar qruplaşmanın ifşası və nazir Eldar Mahmudov şəbəkəsinin de-şifrə olunması komitə sədrinin də başını dərdə salıb.

Xain şəbəkə ilə təmas

K.Həsənov oktyabrdan bəri mətbuatda gedən yazıları təmizlətmək, ört-basdır eləmək və dil tapmaq məcburiyyətində qalıb. teref.az xeber.tv-yə istinadən yazır ki, Çünki komitə sədrinin MTN-dəki xain şəbəkə ilə uzağa gedən təmasları, birgə fəaliyyəti və reyestr xidmətində həyata keçirdiyi əməliyyatlar tirajlanıb.
Bu da öz növbəsində istər-istəməz K.Həsənov üçün başağrısına çevrilib. Odur ki, komitə rəhbəri hər nə vəchlə olursa-olsun dövlət rəhbərliyinin diqqətindən bu məsələləri yayındırmaq, gündəmdən çıxarmaq üçün çırmanıb. K.Həsənovun postunun laxlaması və vəzifəsini itirmək təhlükəsinin yaranması onun mətbuatda gedən materialları təcili şəkildə yığışdırmağa yönəlib.

Amma buna da nail olmaq o qədər asan deyil. MTN-ƏMDK əlaqələri barədə sensasion faktlar mediaya sızdırılıb və tirajlı mətbu orqanlarda ictimailəşdirilib. Bununla da K.Həsənov erası əvvəlki qüdrətini, iqtidardakı nüfuzunu, prezident komandasında etimadını və dayaqlarını itirib.
Yəni, onun Mahmudov çetesi ilə hansı əlaqələri malik olması haqda dosyenin yuxarı eşelona çatması Həsənovun artıq mövqelərini sarsıdıb. Ölkə rəhbərliyinin gözündən düşən K.Həsənovun vəzifəsi ilə vidalaşması da an məsələsi ola bilər.

İtirilmiş etimad və 5 milyon

Ölkə başçısının sərəncamı hər zaman imzalaya bilər. Bu baxımdan əl-ayağa düşən komitə sədri özünü, biznesini, o cümlədən qardaşının maliyyə resurslarını qorumağa çalışır. Bunun üçün vaxt uzadan komitə rəhbərliyi olduqca çətin situasiya ilə qarşılaşıb.
Bundan sonra necə olacağı da qəliz sualdır. Amma məlumdur ki, artıq Kərəm Həsənov etibarlı kadrlar siyahısından çıxarılıb. Hətta onun keçmişdə göstərdiyi sədaqət və bəzi anlarda sadiqliyi də işə yaramayıb. MTN-dəki xain şəbəkə ilə əlaqələrin varlığı bu nəticəyə gətirib çıxarıb. Bəs, nədən ibarətdir bu dosye və faktlar?

Araşdırmamızdan məlum olub ki, "general bandası”a ən böyük haqq verən dövlət qurumlarında biri Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti olub.
Hətta aylıq 5 milyon manat xərac veridiyi haqda iddialar var. Noyabrın 30-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov, müavini ilə birlikdə tutduğu vəzifədən uzaqlaşdırılması ilə bu şəbəkənin mühüm bir qolu kəsildi.
Komitə sədri üçün ciddi bir zərbə sayılan bu qərarlar “əcəl zəngi”nin çalınması da adlana bilərdi. Çünki sırayla növbə komitə sədrin çatdırdı. İndi doğrudur, özünü bu təhlükələrdən az da olsa sovuşduran K.Həsənov yalnız daha da vəziyyətin mürəkkəbləşməməsi üçün can atır.

Katyola çatan pullar və “Yesenin” parkı

Araşdırmalardan belə nəticə hasil olur ki, Eldar Mahmudovun "general banda”sının iş adamlarına qarşı soyğunçuluq fəaliyyətində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinın Dövlət Reyestri Xidmətinin "xidmətlərindən” də yararlanıb.
MTN-in həbsdəki generalı Akif Çovdarovla Məhəmməd İmanov arasında yaxın dostluq münasibətləri buna ciddi əsaslar yaradıb. Bu dostluğun isə, Çovdarovun vaxtilə hansısa bir işə görə Məhəmməd İmanovu "ilişdirərək” külli miqdarda pulunu almasından sonra yarandığı iddia edilir. Kərəm Həsənovun yaxın çevrəsinin bu fəaliyyəti şübhəsiz ki, onun nəzarətindən və iznindən kənar ola bilməzdi.

“MTN katyolu”na aylıq stabil ödəniş də olunub. Hansı ki, bu vəsait vətəndaşlardan, iş adamlarından, tikinti şirkətlərindən korrupsiya yolu ilə toplanıb. Xidmət rəisi MTN generalları ilə əməkdaşlıq etmək məcburiyyətində qalıb. Məsələn, MTN generallarının Xidmətdən məlumatları gizli əməliyyat üçün tələb edərək, alması da mümkündür.
Bu günlərdə yayılan məlumatlarda o da bildirilir ki, Eldar Mahmudovla sıx əlaqəsi olan, hətta bəzi məsələlərdə ona yardım etmiş Kərəm Həsənov ölkə qanunlarını ayaqlarının altına qoyaraq, şəriki üçün olduqca mühüm bir addım atıb. Həmin mühüm addım isə Mərdəkanda yerləşən “Yesenin Parkı”nın özəlləşdirilməsiylə bağlıdır.

Mohuma Heraçiyev kimdir? - Faktlar

Media üzərindən əldə olunan məlumatlarda bir sıra faktlar da var. Belə ki, Eldar Mahmudov bir neçə il bundan əvvəl Mərdəkanda özünə nəhəng villa tikmək qərarına gəlib. Həmin tikinti zamanı ərazinin azlığı nazirin xoşuna gəlmir və yaxınlıqda yerləşən Yesenin Parkının bir hissəsini də mülkünə qatır.

Qanunla parkların ərazilərini özəlləşdirmək və zəbt olunması da qadağandır. Amma Mahmudovun həmin vaxt qılıncının dalı və qabağı da kəsdiyindən kimsə qanunun bu tələbini nəzərə almır. Amma işin ən absurd hissəsini elə Kərəm Həsənov görür.

Belə ki, komitə sədri Yesenin Parkının zəbt olunmuş hissəsini Eldar Mahmudovun adına özəlləşdirir və bununla da qanunları ayaq altına qoyur. Qanunun tələblərinə görə, Həsənov həmin ərazini özəlləşdirə bilməzdi. Üstəlik, hələ də maraqlıdır ki, parkın ərazisini komitə sədri hansı sənədlərə əsasən özəlləşdirə bilib.

Bu işlərdə Kərəm Həsənovun bütün tapşırıqlarını Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı hesab olunan və komitədəki bütün qaranlıq işlərin arxasında dayanan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev və Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov (o artıq vəzifəsindən azad edilib) yerinə yetirib.

Yeri gəlmişkən, Mohuma Heraçiyev həm də Kərəm Həsənovun "kassası” hesab olunur. O, Kərəm Həsənovun MTN-də işləyən qardaşı Şahin Həsənovun yaхın dostudur. MTN-nin sifarişləri də məhz Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı vasitəsi ilə həyata keçirilib. Bir sözlə Eldar Mahmudov və komandasının ölkəni talan etməsində, milyardları ələ keçirməsində birbaşa Kərəm Həsənov və komandasının "mühüm xidmətləri” olub.

“Vosmoy bazarı”nda müdhiş əməliyyat

MTN-dəki dəstənin ələ keçirdiyi obyektlərdən biri də "8-ci km” bazarındakı (el arasında "vosmoy” bazarı kimi tanınır) "Maral Veqa” olub. Belə ki, "çete” bazarın keçmiş sahibi Səfər Cəfərovun qardaşlarını həbs edib. Bunun səbəbini öyrənmək üçün MTN-ə yollanan Səfər Cəfərovun özünü də həbs ediblər və vəhşicəsinə döyüblər.

Daha sonra isə ondan 5 milyon manat tələb ediblər. Bu qədər pulu olmayan bazar rəhbəri məcburən "Maral Veqa” adlı böyük obyektini MTN-çilərə verməli olub.

Yeri gəlmişkən, bu obyekti ələ keçirmiş Eldar Mahmudovun müavinin yaxın qohumu bu gün də həmin obyektə sahiblik edir. Məlumata görə, bu işdə də Kərəm Həsənovun rolu olub. Məhz onun хidmətləri sayəsində sahibkardan qanunsuz yolla alınmış obyekt yeni "sahibi”nin adına rəsmiləşdirilib.

Ən maraqlı informasiya isə Kərəm Həsənovun qardaşının Eldar Mahmudovun vaxtında MTN-də yüksək vəzifə tutması ilə bağlıdır. Belə ki, Eldar Mahmudov və Kərəm Həsənov arasındakı isti münasibətlər sonucunda MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə komitə sədrinin qardaşı Şahin Həsənov təyin olunur.

Qardaşının MTN-dəki rolu

Məlumatlara görə, Eldar Mahmudov Şahin Həsənovun beynəlxalq əlaqələr şöbəsinə təyinatı məsələsində nəzərə alınması gərəkən başlıca prinsiplərin heç birinə əhəmiyyət verməyib və nəticədə beynəlxalq əlaqələr şöbəsi üçün tamamilə yararsız bir şəxs bu şöbənin rəhbərliyi postuna gətirilib.

MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyində təmsil olunan şəxsin ən azı iki xarici dil bilməsi şərt olsa da, Şahin Həsənovun heç bir əcnəbi dil bilmədiyi xüsusi vurğulanıb. Həmçinin, Şahin Həsənovun beynəlxalq münasibətər sistemində baş verən proseslər, beynəlxalq hüquq və əməkdaşlıq kimi məsələlərlə bağlı da minimal bilgi, analiz və manevr səriştəsinə malik olmadığı bildirilirdi.

Gürcüstana filiz satışı

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Daşkəsənin də sərvətlərini yağmalayıb. Kərəm Həsənov bu regionda Filizsaflaşdırma Kombinatına öz kadrını yerləşdirməklə səkkiz ildir ki filiz yataqlarını alt-üst etməkdədir.
Yayılan xəbərlərə görə kombinatın direktoru Ələddin Sadıqov Kərəm Həsənovun əlaltısı kimi fəaliyyət göstərir. Komitə sədri öz adamının sayəsində Daşkəsənin dəmir filiz və alunit dağ mədənini mənimsəməkdə davam edir. Mənbənin qeydlərinə görə zəngin sərvətlərə malik Daşkəsən K.Həsənovun işğalı altında inildəyən bölgəyə çevrilib. Oliqarxlaşan məmur məhz bu sərvətlərdən əldə etdiyi milyonlar hesabına maliyyə resurslarına yiyələnib.

Qaynağımız bu biznesdə rayon icra başçısı Əhəd Abıyevin də rolunu istisna etmir. İcra başçısının ölkənin sərvətlərindən şəxsi malı kimi istifadə olunmasına şərik çıxması komitə sədrinin yerini bir qədər də rahatlayıb.
Kombinat direktoru Ə.Sadıqov isə K.Həsənovdan savayı heç kimə hesabat vermir. Hətta icra başçısını belə hesab verəcəyi subyekt saymır. Mənbə qeyd edib ki, K.Həsənovun nəzarətindəki firmalardan biri 200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satıb. Qaynağımız qeyd edir ki, dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb. Həmin gürcü firması isə malları Çinə satıb.
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.