Generalın kadrı vəzifəsindən çıxarılır?

2-05-2016, 23:45           
Generalın kadrı vəzifəsindən çıxarılır?
Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynovdan saysız-hesabsız şikayət var Ehtiram Xəlilova arxayın olan idarə rəhbəri nəhəng biznes imperiyasına sahibdir Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin apardığı kadr islahatlarının uğursuz sonluqlara gətirib çıxarması barədə ölkə mətbuatında dəfələrlə tənqidi yazılar yayımlanıb. Lakin komitə sədri iş yarıtmaz kadrlarını cəzalandırmaq əvəzinə, onlara müstəsna səlahiyyətlər verir və hər cür təhlükədən qoruyur. Gundelik-baku.com xəbər verir ki, Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov da Aydın Əliyevin uğursuz kadrlarından biri hesab edilə bilər. Araşdırmalar göstərir ki, bu şəxs sözügedən idarəyə rəis təyin olunandan sonra böyük problemlər yaranıb: «Sücəddin Hüseynov Astaraya gəlməmişdən əvvəl Xudafərin Gömrük İdarəsində rəis vəzifəsini icra edib. Xudafərin gömrüyü gəlir baxımından elə də strateji gömrüklərdən biri hesab olunmasa da, Sücəddin Hüseynov burda belə özünün “kübar” həyat səviyyəsi ilə diqqəti cəlb edib. Belə ki, hər bir maşınına ayrı-ayrı sürücü tutan rəis həmçinin şəxsi aşpaz da saxlayıb və ancaq həmin aşpazın bişirdiyi yeməklərdən yeyib. Gəlirinin az olmasına baxmayaraq, rəis Aran Qarabağda, həmçinin Bakıda özünə ciddi biznes sahələri də yarada bilib və həmin biznes sahələri hələ də öz fəaliyyətini davam etdirməkdədir. Astaraya gəldikdən sonra isə məmurun ilk işi özünün şəxsi aşpazını Astaraya gətirmək olub. Aşpazı ilə bərabər qaynı Şövqünü də Astara Gömrük İdarəsində ikinci şəxsə çevirən Sücəddin Hüseynov bundan sonra rahat bir şəkildə kabinetini krallara layiq təmir etdirib köhnə rəisdən qalan hər şeyi kabinetindən atıb». Bizə verilən məlumatlara görə, idarə rəisinin qaynı Şövqü adlı şəxs İrandan qaçaqmal yolu ilə siqaret keçirtdiyi kimi, eyni zamanda meyvə və tərəvəz məhsulları da keçirir. Belə ki, Sücəddin Hüseynov Astaraya təyinat aldıqdan sonra Şövqünün bir neçə həmyerlisi İrandan müxtəlif növ meyvə gətirməyə başlayıblar: «Rəisin adamları tərəfindən İrandan gətirilən həmin meyvələr gömrükdə qeydiyyata alınmır və rüsum ödənilmir. Əldə olunan külli miqdarda gəlir isə bölüşdürülür». Əldə etdiyimiz məlumatlara görə, idarə rəisi Aksiz Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilovun yaxın adamı kimi tanınır və bir sıra işləri onunla şərikli şəkildə həyata keçirir. Özəl qaynaqlar bildirir ki, son bir neçə ayda Sücəddin Hüseynovun fəaliyyəti ilə bağlı Dövlət Gömrük Komitəsinə, eləcə də digər əlaqədar dövlət qurumlarına çoxsaylı şikayət məktubları göndərilib. Və komitə sədri Aydın Əliyevə idarə rəisi barəsində ölçü götürmək tapşırılıb. Yəni bu o deməkdir ki, Astara Gömrük İdarəsini öz «qanun»ları ilə idarə edən rəis hər an ciddi şəkildə cəzalandırıla, hətta barəsində cinayət işi belə açıla bilər. Yazı ilə bağlı olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.