Ağsuya ağalıq edənlərin müdhiş özbaşınalıqları

25-07-2016, 08:29           
Ağsuya ağalıq edənlərin müdhiş özbaşınalıqları

Nazirin rayona 9 ildir rəhbərlik edən dayısı Ənvər Seyidəliyevin adı yarıtmaz idarəçiliyinə görə qara konsepsiyada yer alıb; Müavinləri və köməkçisi – Rasim Novruzov, İqbal Mikayılovla Vüqar Atakişiyev əhaliyə “divan tutur”
aqsu3Ağsunun problemləri dəyişməz qalıb. Bu günə kimi qarşıya qoyulan tapşırıqlar yerinə yetirilməyib, ayrılan dövlət vəsaitləri təyinatı üzrə xərclənməyib. Bu da ölkə rəhbərliyinin əyalətlərin idarə olunması ilə bağlı konsepsiyası, apardığı statistik-analitik araşdırmalar üçün mühüm rol oynayıb. Məlum olub ki, son bir il ərzində özünü doğrultmayan icra hakimləri vəzifəsindən tədricən kənarlaşdırılsın. Son olaraq Göyçay icra başçısı haqda imzalanan fərman buna sübutdur. O baxımdan Ağsuya 9 ildir rəhbərlik edən Ənvər Seyidəliyevin də Göyçayın eks-rəhbəri Mübariz Ağayevin ardınca postunu təkr edəcəyi istisna olunmur.
Bu barədə özəl qaynaqlardan daxil olan informasiyada qeyd olunur ki, 1950-ci ildə Ağsunun Pirhəsənli kəndindən anadan olan Seyidəliyev xeyli zamandır nazir qohumunun hesabına vəzifəsində qalmağa müvəffəq olub. 2007-ci il dekabrın 18-dən doğma rayonuna başçılıq edən Seyidəliyev əlini ağdan qaraya vurmayıb. Ağsuda olanlar da təsdiqləyər ki, rayonun sosial-iqtisadi inkişafı üçün heç bir iş görülməyib, abadlıq işləri isə icra hakimiyyəti binasının ətrafını əhatə edib.
Qarşılığında isə Ağsudan gələn şikayətlər günbəgün artır; istər prezidentin elektron poçtuna, istərsə Prezident Administrasiyasına, istərsə də mətbuata ünvanlanan müraciətlərdə əhalinin problemlərindən bəhs olunur. Həm rayon, həm Ağsunun kəndlərinin sakinləri, o cümlədən sahibkarlar Seyidəliyevin və ətrafındakı məmurların özbaşınalıqlarından cana doyub. Nazir Səlim Müslümovun dayısı Seyidəliyev və ARDNŞ-ın vitse-prezidenti Mikayıl İsmayılovun qohumları camaata yaşamağa imkan vermir.
Sakinlər vurğulayırlar ki, məmurların, xüsusən də, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və ARDNŞ-ın vitse-prezidenti Mikayıl İsmayılovun qohumları onların həyatını cəhənnəmə çeviriblər. Məmurların arasında bölüşdürülən rayonda yaşamaq mümkün deyil. Ağsunun demək olar ki, bütün dövlət idarələrinin rəhbərliyi, ticarət obyektləri və torpaq sahələri bu iki məmurun şəbəkəsinin nəzarətindədir. Mikayıl İsmayılov kənd sakinlərinin maddi imkansızlığından istifadə edərək, torpaqları son qarışına qədər zəbt edib, yaxın qohumlarını “köy ağası” statusuna mindirib. Məmurlar vətəndaşlardan hətta pay torpaqlarını da zorla alırlar.
Sakinlərin sözlərinə görə, rayonda icarəyə verilən bütün dükanlar, obyektlər məmurların yaxın ətrafınındır. Onlar da istədikləri qiymətə və istədikləri müddətə icarəyə verirlər, ürəkləri istədikləri vaxt da dükanı boşaltmağı tələb edirlər. Hansı kiçik dükanı belə, icarəyə götürmək istəyirsən, hamısının sahibləri bunların qohum-əqrəbası çıxır. Ona görə də sakinlər tezliklə rayona yeni icra başçısı göndəriləcəyi günü gözləyir. Mənbənin dediklərinə görə, hazırda Seyidəliyevin komandasında müavinləri və köməkçisi meydan sulayır. Onun müavinləri – Rasim Novruzov, İqbal Mikayılov və köməkçisi Vüqar Atakişiyev Seyidəliyevin sahibkarlara, torpağı olan kəndlilərə qarşı təlimatlandırılmış kadrlarıdır.
Ümumilikdə, Ənvər Seyidəliyevin rayon sahibkarlarına qənim kəsildiyi hər kəsə bəllidir. Daxil olan məlumatlarda bildirilir ki, rayonun icra nümayəndələri hər ay qapı-qapı düşərək obyektlərin həcmindən aslı olaraq müxtəlif məbləğdə sahibkarlardan pul tələb edirlər. Səbəbini soruşanda isə Ənvər Seyidəliyevin tapşırığı olduğu bildirilir. Bundan əlavə, aylıq pul ödəməyən sahibkarların obyektləri söküləcəyi ilə hədələnir. Ağsuda bütün sahələrdə ciddi problemlər yaşanır.
Təhsil, səhiyyə və digər sahələrdə baş alıb gedən özbaşınalıq rayon sakinlərinin istismar olunmasına hesablanıb. Əhali yoxsulluq içində yaşadıqca problemlər də hər gün bir az artır. Bu isə icra başçısını qətiyyən maraqlandırmır. Özlərinin heç bir maddi problemi olmayan və yağ-bal içində yaşayan icra başçısının qohumları rayon sakinlərini istismar etməkdən sanki həzz alırlar. Sakinlərin sözlərinə görə, rayonda işsizlik problemi daha çətin, daha acınacaqlıdır: “Təsəvvür edin, sosial yardım üçün müraciət etməyən adam tapılmır. Hamısı işsizlikdəndir. Dolana bilmirlər. Yoxsa, kim könüllü gedib, bürokratik əngəllərdən keçməyə cəhd edər?
Sözsüz ki, ora da həm ədalətsiz, həm qanunsuz xidmət göstərən qurumdur. Ora gedənlər də haqqını tapa bilmir. Kimə istəyirlər, kimdən pul ala bilirlər, ona yardım verirlər. Ölkənin hər yerində olduğu kimi, Ağsu da bir qrup adamın əlindədir. Ölkə necə bir qrup adamın əlindədirsə, rayonlar da bir qrup adamın əlindədir. Rayonda qohumbazlıq, yerlibazlıq hökm sürür”.
Sakinlərin sözlərinə görə, kənd təsərrüfatının ənənəvi sahələri rayonda inkişaf etdirilə bilərdi: “Heç kim bununla məşğul olmur. Ancaq bir qrup adam, rayonu talamaqla məşğuldur. Sahibkarlara verilməli olan subsidiyalar da mənimsənilir Bu, mənimsənilmə mexanizminə çevrilib. Hətta “Azqranata” zavodunda fəhlə işləmək üçün də tanış tələb olunur. Sakinlər bildirirlər ki, Ağsunun bələdiyyə torpaqlarını icra başçısı Ənvər Seyidəliyev və yaxınları qanunsuz olaraq, mənimsəyiblər: “Torpaqlar rayon sakinlərinə verilmir. Özləri alıblar və icra başçısı dəllalların vasitəsi ilə satdırır.
Artıq satılmalı torpaq da qalmayıb. Hətta Şəhidlər Xiyabanının ətrafını da satıblar. Xiyabanın ətrafı evlərlə doludur. Şəhidlər Xiyabanı isə biz dəfələrlə müraciət edəndən sonra təmir edilməyə başlanıb”.
Ağsu aşırımındakı restoranlara məmurlar göz dikiblər və bu obyektləri əhalinin əlindən almaq istəyirlər: “Ağsu sosial problemlərin ən çox olduğu rayondur. Ağsu dolaylarından min nəfərə yaxın adam dolanırdı, evinə çörək aparırdı. Oranı da iki-üç ildir ki, təmir adı ilə bağlayıblar.
Bir neçə dəfə istəyiblər, buranı camaatın, ağsuluların əlindən alsınlar. Camaat imkan verməyib. Aksiya keçirildi. Məsələ şişirdildi, məmurlar da acığa düşüb, yolu bağladılar. Yalandan hər iki tərəfdən yazıblar ki, yol təhlükəlidir. Gələn maşınlar da İsmayıllı tərəfdən gedir. Əslində isə təhlükə yoxdur”.
Sakinlər qeyd edirlər ki, son illər ərzində fəaliyyət göstərən həmin restoranlar məmurların güdazına gedərək, fəaliyyətsiz hala gəlib: “İndi nə baş verib ki..? Ağsu aşırımını da monopoliyaya götürürlər. Deyirlər ki, bu “pereval” ağsuluların əlindən çıxmalıdır. Qısası, məmurların Ağsu aşırımına gözləri düşüb. Oyun qururlar. Hətta 50-ci illərdən qalan polis postu da oradan götürülüb”.
Sakinlərin dediklərinə görə, rayonda iş tapıb, işləyənlər də icra başçısının qohum-əqrəbasıdır: “İşləyənlər əsasən icra başçısının qohumlarıdır. Rayonda bütün idarələrdə işləyənlər Pirhəsənli kəndindəndir. Ancaq Pirhəsənli kəndi yaxşı yaşayır. Bura Ağsunun Naxçıvanıdır, nazirin kəndidir. İdarə müdirləri əsasən Səlim Müslümovun qohumlarıdır. Məsələn, zibilyığan idarənin siyahısında yüzə yaxın işçi var. Ancaq cəmi 5-6 nəfər işləyir. Adları yazılanların hamısı icra başçısı Ənvər Seyidəliyevin qohumlarıdır. Adlarını yalandan yazıblar, maaş alırlar. Sosial yardım alan da yenə öz qohumlarıdır”. Bundan əlavə, Ağsu Suvarma Sistemləri İdarəsində də işlər qaydasında getmir. Səfər Məmmədovun rəhbərlik etdiyi idarədə mövcud olan neqativ hallar rayonda fermer təsərrüfatı ilə məşğul olan insanları xeyli qayğılandırır. Belə ki, idarə rayonun ərazisindəki meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanalları, kollektorlar, boru kəmərləri və bəndlərinin istismarını keyfiyyətsiz həyata keçirir. Rəisin yarıtmaz idarəçiliyi ucbatından rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması vəzifəsi yerinə yetirilmir ki, bu da məhsuldarlığa pis təsir göstərir.
İdarə rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından təyinatı üzrə istifadə etmir, həmçinin külli miqdarda dövlət vəsaitinin məqsədyönlü şəkildə xərclənməsinə şərait yaratmır. Ağsu Suvarma Sistemləri İdarəsində dövlət vəsaitlərinin “nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə əvvəlcə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır.
Elan olunan tenderlərdə qanunsuzluqlara yol verilir, Səfər Məmmədovla qabaqçadan sövdələşən şirkətlər kağız üzərində keçirilən müsabiqələrdən qalib çıxarılır. Suvarma təsərrüfatının ehtiyacı üçün iş və xidmətlər, mal və materiallarla təmin etmək hüququnu qazanırlar.
Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Səfər Məmmədovun özünə qaytarılır. Ancaq S.Məmmədov da Ə.Seyidəliyevlə hesablaşır. İddialara görə, icra başçısıma hesabat verən rəis əvəzində rayonda biznesn qurmaq üçün müəyyən imtiyazlar əldə edib. Beləliklə, Ağsuya ağalıq edənlərin özbaşına fəaliyyəti elə bir ustalıqla həyata keçirilir ki, kimsənin “tükü tərpənmir”. Sakinlərin gün-güzəranı isə göz qabağındadır. Hər halda hörmətli icra başçısı da Ağsudakı vəziyyətdən agahdır. Ümid olunur ki, tənqidlərdən sonra bir müsbət dəyişiklik olacaq. (GundemXeber.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.