“Meliorasiya və Su Təsərrüfatı” ASC-də ciddi nöqsanlar aşkarlanıb

27-07-2016, 17:17           

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” layihəsi üzrə vəsaitlərdən istifadəyə dair auditin nəticələri ilə bağlı auditorun hesabatını müzakirə edərək təsdiq edib.

“Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” layihəsinin qiyməti ilkin olaraq 114,3 mln. dollar məbləğində müəyyən edilib, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi məbləğ 80 mln. dollar, Azərbaycan hökumətinin maliyyələşdirdiyi məbləğ isə 34,3 mln. dollar məbləğində nəzərdə tutulub.

Layihənin əsas məqsədi onunla əhatə olunan kənd təsərrüfatı təyinatlı suvarılan torpaq sahələrində təsərrüfatdaxili suvarma suyunun paylanılması və idarə edilməsinin daha da səmərəli təşkil edilməsi olub. Layihənin icra olunduğu 2011-2015-ci illərdə 90,5 mln. dollar məbləğində, yəni layihənin qiymətinin 79,2%-i həcmində vəsait istifadə edilib. Nəticədə kredit vəsaitlərindən istifadə müddəti daha bir il uzadılıb.

Layihə çərçivəsində keçirilmiş satınalmalar üzrə bağlanmış müqavilələrin icra və ödəniş qrafiklərinə müxtəlif səbəblərdən (inzibati, təşkilati, maliyyə və s.) dəyişikliklər edilərək illik maliyyə planlarında dəqiqləşdirmələr aparılsa da, həmin planlara tam riayət edilməyib.

Layihənin həyata keçirilməsi üzrə İşçi qrupu (LHKQ) ilə layihənin təşkilati strukturuna daxil olan və ASC-nin rayon suvarma sistemləri idarələri (RSSİ) ilə əlaqəli fəaliyyət göstərən Rayon Dəstək Qrupları (RDQ) arasında nəticələr üzrə müqavilələr bağlanılmadığı müəyyən olunub. Bununla yanaşı, layihə çərçivəsində bərpa işlərinin başa çatmasına baxmayaraq, Sudan İstifadəedənlər Birliklərinin (SİB-lərin) 20 il müddətinə sistemlərdən istifadə etmək, istismar və texniki xidmət göstərmək üçün öhdəliklərin qəbul edilməsi barədə infrastrukturun uzunmüddətli istifadəsinə dair RSSİ-lərlə müvafiq sazişlərin bağlanılması təmin edilməyib.

Eyni zamanda, layihə çərçivəsində SİB-lərin fəaliyyətinin təkmilləşdirilməsi, faydalı iş əmsalının daha da artırılması məqsədilə SİB-lərə təhvil verilmiş ofis binalarının yerləşdiyi torpaq sahələrinə dair istifadə hüquqlarının torpaq qanunvericiliyinə uyğun olaraq tam rəsmiləşdirilməsi aparılmamasıdır.

Cəmiyyətin SİB-lər üzrə nəzarət bölməsinin potensialının artırılması (gücləndirilməsi), bu bölmənin fəaliyyətinin Layihənin Mərkəzi Dəstək Qrupu (MDQ) və LHKQ ilə sıx koordinasiya edilməsi, SİB-lərin “Meliorasiya və irriqasiya haqqında” qanunun tələblərinə müvafiq fəaliyyət göstərməsi tam təmin edilməyib.

17 RDQ-nin təmiri başa çatmış ofis binalarına və LHKQ-nin ofisinin təmirinə xərc edilmiş vəsait, habelə istismara qəbul edilmiş 15 mln. 269,8 min manat dəyərində 7 suvarma-drenaj infrastrukturu obyekti aidiyyəti qurumların balansına verilməyib.

Eyni zamanda, layihənin hədəf göstəricilərinə nail olunması vəziyyətinin araşdırılması nəticəsində müəyyən olunub ki, 2015-ci ilin sonuna nəzərdə tutulmuş kəmiyyət göstəricilərinə tam, keyfiyyət göstəricilərinə isə qismən nail olunub. Belə ki, layihənin əsas nəticə göstəricilərinə (hədəflərinə) nail olunmasının qiymətləndirilməsi üzrə əhatəlilik, müvafiq uçot və müqayisələrin dəqiq aparılması, müvafiq nəticə göstəriciləri üzrə layihə ilə əhatə edilən SİB-lərdə məhsuldarlığın artımı, əkinlərin suvarma suyuna olan tələbinin təmin edilməsi, suvarma xidmət haqqının yığım faizinin artırılması, habelə SİB-lərin potensialının gücləndirilməsi tədbirlərinin davamlılığı tam təmin edilməyib.

Hesablama Palatasının kollegiyası “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” layihəsi üzrə vəsaitlərin istifadə edilməsində yol verilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.