Daşkəsəndə nə baş verib? - Bir həbsin tarixçəsi

28-07-2016, 18:23           
Daşkəsəndə nə baş verib? - Bir həbsin tarixçəsi
Məlum olduğu kimi, iyulun 27-də Daşkəsən Rayon Məhkəməsinin qərarı ilə Ədalət partiyasının rayon şöbəsinin sədri Elşad Qafarov 8 ay həbs cəzası alıb. O, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham olunub. Onu da qeyd edək ki, yaxın qohumları bu həbsi siyasi hadisə kimi dəyərləndirməyə çalışır və Qafarovun siyasi fəaliyyətinə görə həbs olunduğunu iddia edirlər.

«Ədalət Partiyasının rayon təşkilatının sədri Elşad Qafarovun həbsində hər hansı siyasi motiv yoxdur. O, cinayət əməlinə yol verib, buna görə də həbs edilib». Qeyd edək ki, bunu Daşkəsən rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri Namiq Süleymanov bildirib.

N.Süleymanovun deməsinə görə, E.Qafarov bir neçə ay öncə rayonda su xətti çəkilişi ilə məşğul olan «Çakır Yapı» şirkətinin əməkdaşlarını təhqir edib: «E.Qafarovun bu təhqirinə səbəb isə su xəttinin yaxınlığında yaşayan qohumunun guya şirkət əməkdaşları tərəfindən təhqir olunmasıdır»,- deyə N.Süleymanov qeyd edib.

N.Süleymanov deyib ki, bununla bağlı şirkət hüquq-mühafizə orqanlarına müraciət edib, xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Daşkəsən Rayon Məhkəməsi də iyulun 27-də E.Qafarovu 8 ay müddətinə azadlıqdan məhrum edib.

Bəs o zaman sual olunur: Nədən Qafarovun yaxınları bu hadisəyə siyasi don geyindirmək istəyir. Bununla bağlı DİA.AZ olaraq qısa araşdırma apardıq.

Aydın olur ki, əslində həqiqətən də Elşad Qafarovla Daşkəsən ərazisində su çəkilişi ilə məşğul olan «Çakır Yapı» şirkətinin əməkdaşları arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Qafaorvun plana düşən torpaq sahəsinin müqabilində «Çakır Yapı» şirkətindən külli miqdarda pul istəməsi olub. Şirkət isə buna razılıq verməyəndə mübahisə düşüb və Elşad Qafarov bir neçə şirkət əməkdaşına dəmir dəyənəklə ağır xəsarət yetirib. Nəticədə «Çakır Yapı» şirkətinin işçilərindən bəziləri hətta xəstəxanada müalicə olunmalı olublar.

Bundan sonra isə döyülən işçilərin iddiası ilə Qafarova qarşı məhkəmə qurulub və 3 ay məhkəmə prosesi çəkib. Dia.az-ın araşdırmalarından aydın olur ki, məhkəmə prosesinin 3 aylıq müddəti boyunca özünə qarşı hansısa siyasi təzyiqin olmasından giley etməyən Qafarov sonradan - yəni həbs olunduqdan sonra bu hadisəni siyasiləşdirməyə çalışıb və düşünüb ki, yəqin bu yolla üzərindəki məhkəmə hökmünü ləğv etdirə bilər.

Amma əslində hər kəs yaxşı bilir ki, Ədalət Partiyasına qarşı nəinki hansısa rayonda, kənddə, hətta paytaxtda belə heç bir basqı, təzyiq faktı mövcud deyil və belə bir hadisəyə rast gəlinməyib də. Belə olan təqdirdə Qafarovun çabalarının inandırıcı olmadığı artıq ortalıqdadır. Amma burada diqqət çəkən bir məqam var ki, hətta bu şəraitdə belə bəzi KİV-lər baş verən olayları özlərinin siyasi maraqları aspektindən təqdim etməyə çalışırlar ki, bunun da adına ən yumşaq formada sui-istifadə demək olar...
DİA.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.