Mosullu keşiş müsəlmanlar və xristianlar arasında anlaşmanı təşviq edir

28-03-2024, 09:44           
Mosullu keşiş müsəlmanlar və xristianlar arasında anlaşmanı təşviq edir
Hər Ramazan ayında iraqlı bir xristian keşiş Niderlanddan doğulduğu Mosula qayıdır. O, müsəlmanlar və xristianlar arasında anlaşmanı təşviq etmək üçün müqəddəs İslam ayını orada qeyd edir.

Yohana Mətin İraqın Mosul şəhərində anadan olmuş xristiandır. O, hazırda Niderlandda yaşayır və oradakı Üzüm Budaqları Kilsəsinin keşişidir. O, hər il müsəlmanların müqəddəs Ramazan ayında doğma şəhərinə qayıdır. "Mən bu gün bir xristian olaraq sizin Ramazan ayında iştirak etmək və siz və mən qardaşıq, siz və mən eyni şəhərdən, eyni ölkədənik demək üçün gəlmişəm. Biz eyni dildə danışırıq və eyni tarixi paylaşırıq" - deyə, o bildirir.

İlin bu vaxtı bir çox yerli iş adamı və liderlər kimi Mətin də gün batanda gündəlik iftar yeməyinə sponsorluq edir. Vətəndaş Cəmiyyəti fəalı Mohənnad Öməri: "Ramazan ayında hər gün sponsorumuz var. Bu gün keşiş Yohana Mətin Niderlanddan həm Mosulda, həm də Mosuldan kənarda yaşayan müsəlman ailələrinə yardım etmək üçün gəlib".

Mətinin vətəndaş cəmiyyətinin 200-dən çox fəalı üçün təşkil etdiyi iftarın məqsədi Mosulun müxtəlif dini və etnik icmaları arasında birliyi təşviq etməkdir.

Mətin deyir ki, belə toplantılar vacibdir. Xüsusən də 2014-cü ildə İslam Dövlətinin uzun sürən işğalının təsirlərindən hələ də əziyyət çəkən Mosulda xristianlar və digər dini azlıqlar qruplaşmanın militantları tərəfindən təqib edilir, hətta öldürülür. Yohana Mətin: "Əslində Mosulun İraqın digər şəhərlərindən daha çox diqqətə ehtiyacı var. Çünki Mosulda baş verən faciə başqa yerlərdə baş verməyib. Ona görə də daha çox tədbirə və daha çox yardıma ehtiyacı var".

Mətin inanır ki, şəhərdə yaşayan müxtəlif qruplar arasında əlaqələr yaradılmasına yardım etmək üçün onun unikal imkanı var. O, onları bir-birilərini qəbul etməyə çağırır və inanır ki, onlar dinc yanaşı yaşamağı öyrənəcəklər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.