2 ildi Ukraynada döyüşən QRU polkovniki "Krokus"da öldürüldü

29-03-2024, 16:16           
2 ildi Ukraynada döyüşən QRU polkovniki "Krokus"da öldürüldü
Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı polkovniki Timur Myasnikov "Krokus"da baş verən terror zamanı ölüb.
AzVision.az xəbər verir ki, bu barədə "Rusiya Zabitləri" təşkilatının Samara bölməsinin rəhbəri Artur Malivançuk "VKontakte" səhifəsində məlumat yayıb.

Qeyd edilib ki, o, Ukraynadan, cəbhə bölgəsi zonasından məzuniyyətlə evə qayıdıbmış. Ölüm faktını Suvorov hərbi liseyi məzunlarının Telegram kanalı da təsdiq edib.

"Quldurlar gözlənilmədən peyda olublar. Timur həyat yoldaşını və oğlunu təhlükəsiz yerə itələməyi bacarsa da özü atəşə tutulub. Ona üç güllə dəyib. Bir neçə gündür ki, həkimlər Timurun həyatı üçün mübarizə aparırdılar. Təəssüf ki, onu xilas edə bilməyiblər...", - Malivançuk yazıb.

Məlumata görə, zabit Kosovo və Tacikistanda döyüş tapşırıqlarını yerinə yetirib, Donbasda isə xeyli sayda əməliyyatlar icra edibmiş.

Bundan öncə “Krokus”da törədilən terror aktı zamanı Moskva vilayətinin rəsmisinin ölməsi barədə məlumat yayılmışdı. Bu, Lyubereç administrasiyasının yol təsərrüfatı və yol infrastrukturunun inkişafı şöbəsinin müdiri Oleq Şıxovtsev olub. O, özünü qabağa verərək ailəsini xilas etməyə çalışıb.

Xatırladaq ki, martın 22-də Moskvada dörd silahlı şəxs “Piknik” qrupunun konsertindən əvvəl dəhşətli terror aktı törədiblər. Onlar “Krokus”un binasına soxularaq qarşılarına çıxan hər kəsə atəş açdıqdan sonra binanı yandırıblar. Terrorçular avtomobillə qaçsalar da Bryansk vilayətində saxlanılıblar. Faciəvi hadisə nəticəsində 143 nəfər həlak olub, 360 nəfər yaralanıb. 95 nəfər itkin düşmüş hesab olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.