“Milyonerlər məhəlləsi”ndəki villadan 77 minlik antik əşyalar oğurlanıb

1-06-2024, 17:53           
“Milyonerlər məhəlləsi”ndəki villadan 77 minlik antik əşyalar oğurlanıb
Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan keçmiş Teymur Əliyev, hazırkı Məmməd Araz küçəsində yerləşən villadan antik əşyalar oğurlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nigar Nəbiyeva adlı vətəndaşa məxsus olan 4 mərtəbəli villaya daxil olan şəxslər oradan 18 və 19-cu əsrlərə aid bahalı antik əşyaları talayıblar.

Bilirilib ki, villanın ikinci mərtəbəsində yerləşən qonaq otağından hər birinin qiyməti 1700 manat olmaqla ümumi qiyməti 8500 manat olan Türkiyə istehsalı 5 ədəd mis şamdan, 17 000 manat dəyərində 1 ədəd qadın təsvirli mərmərdən heykəl, 8500 manat dəyərində bürüncdən qadın təsvirli heykəl, üçüncü mərtəbədə olan yataq otağından 8500 manat dəyərində XIX əsrdə Fransada hazırlanmış farfordan olan 1 ədəd sandıqça, həmin mərtəbənin dəhlizindən 25 500 manat dəyərində XIX əsrə aid Fransa istehsalı olan bürünc materialdan 1 ədəd masaüstü saat, dördüncü mərtəbədə olan yataq otağından 3400 manat dəyərində yerli istehsal olan 1 ədəd mis qazanı, 5100 manat dəyərində 1 ədəd çaynik altı tası oğurlanıb. Ev sahibinə ümumilikdə 76 500 manat ziyan dəyib.

Hadisə barədə polisə məlumat verildikdən sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə iş açılıb. Hadisəni törətməkə şübhəli bilinən 1996-cı il təvəllüdlü Ramin Tağıyev və 2001-ci il təvəllüdlü Yusif Məmmədli həbs edilib.

Məlum olub ki, hər iki şəxs əvvəllər də məhkum edilib. Onlar dördmərtəbəli 13 otaqlı villaya metal qırıntıları tapmaq məqsədilə daxil olduqlarını və oğurladıqları əşyaların antik olması, qiyməti barədə məlumatlarının olmadığını deyiblər.

Mənzil sahibi N.Nəbiyeva isə uzun müddətdir orada deyil, paytaxtın Xəzər rayonundakı evində yaşadığını söyləyib.

Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə hökm elan edilib. Bildirilib ki, qiymətli əşyalar Mədəniyyət Nazirliyinin müvafiq ekspertiza komissiyası tərəfindən yenidən dəyərləndirilib. Oğurluğun məbləğinin külli miqdarda deyil, xeyli miqdarda olması qənaətinə gəlinib.

Məhkəmənin hökmü ilə hər iki gəncə 3 il həbs cəzası verilib. Onlar ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndəriliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.